Deputatlarımız ATƏT PA-da 2 yaşlı uşağın qətli məsələsini qaldıracaqlar Siyasət

Deputatlarımız ATƏT PA-da 2 yaşlı uşağın qətli məsələsini qaldıracaqlar

Belarusun paytaxtı Minskdə keçiriləcək ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ problemini və düşmənin dünən Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda məsələ qaldıracaq. Bunu ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə deyib. Deputat bildirib ki, bu gündən sessiyanın plenar iclası keçiriləcək:"Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ məsələsini yenə gündəmə gətirəcək. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Ermənistan silahlı qüvvələrinin dünənki təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Bu Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaq hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır".