“İşğalçıya təzyiqi artırmaq lazımdır” Siyasət

“İşğalçıya təzyiqi artırmaq lazımdır”

"Ermənistan son illər atəşkəsə riayət etmir, status-kvonu qoruyub saxlamağa çalışır. Ona görə də işğalçılar Azərbaycan ordusunun təzyiqini öz üzərində hissə etməlidir. Bu, Azərbaycanın haqqıdır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə deyib. O bildirib ki, bu təzyiq o vaxta qədər davam etməlidir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın: "Bu, yorucu müharibə olmalıdır. Biz bütün mənalarda Ermənistanı yormalıyıq, çünki işğalçının potensialı çox aşağı səviyyədədir. Artıq Ermənistan vətəndaşları əsgərlikdən də yayınırlar. Dünən özləri xəbər yaymışdılar ki, 11 mindən çox erməni gənci qeyri-qanuni yollarla əsgərlikdən yayınıb. Bu, çox böyük rəqəmdir. Deməli, artıq bizim yorucu müharibənin müəyyən nəticələri var. Onlar görürlər ki, işğal davam etdikcə, gəncləri Dağlıq Qarabağda həlak olurlar. Ona görə də çoxları övladlarını gizlətməyə çalışırlar ki, Dağlıq Qarabağa getməsin. Bu mənada Azərbaycanın təzyiqi davam etməlidir. Dünənki erməni təxribatına gəldikdə, müharibə vəziyyətində hər iki tərəfdən hərbçilərin həlak olması müəyyən dərəcədə izaholunandır ki, müharibə gedir. Ancaq mülki obyektləri hədəf alırlarsa, qarşı tərəf elə bir zərbə almalı və elə bir uzaq məsafəyə sıxışdırılmalıdır ki, artıq mülki hədəfləri vura bilməsin. Bizim dünənki hadisədən sonra tam haqqımız çatır ki, əlimizdə olan bütün silah və sursat hesabına Ermənistana 5-10 qat artıq cavab verək. Müdafiə naziri də bir neçə ay əvvəl bəyan etmişdi ki, öldürülən hər bir vətəndaşımızın əvəzinə işğalçı 5-10 qat itki verəcək. Ona görə də, təxribatın cavabı verilməlidir. Gələn xəbərlərdən görünür ki, qarşı tərəf də böyük itkilər verir, sadəcə, bu itkiləri gizlətməyə çalışırlar".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, beynəlxalq təşkilatlara da bu məsələlərlə bağlı məlumatlar çatdırılmalıdır: "Mən sosial şəbəkələri də izləyirəm. Görürəm ki, artıq ingilis, rus və digər dillərdə həm sıravi vətəndaşlar, həm rəsmilər, həm deputatlar bu istiqamətdə çox fəal işləyirlər, beynəlxalq təşkilatlar məlumatlandırılır. Əlaqələri olan şəxslər xarici mediaya çıxmağa çalışırlar. Çünki öldürülən yaşlı qadının və körpənin fotoları da əlimizdə var, bunlar əyani vəsaitlərdir və həmin xəbərlərə əlavə olunmalıdır. Son hadisə həm də onu göstərir ki, işğalçı Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldan deyil, əksinə, azğınlaşır. Bu azğınlığın qarşısında Ermənistan ordusuna təzyiq bir az da artırılmalıdır. Ermənistan ordusunun itkiləri artmalıdır və mesajımız erməni cəmiyyətinə olmalıdır. Çünki Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımının törədilməsinə Ermənistanda hazırda hakimiyyətdə olanlar başçılıq ediblər və onlar geri çəkilən deyillər. Biz təzyiqi artırmaqla Ermənistan cəmiyyətinə mesaj göndərməliyik ki, hakimiyyətləri bu siyasəti davam etdirdikcə onların övladlarını işğal altındakı Azərbaycan ərazilərində böyük təhlükələr gözləyir və sağ qayıtmaya da bilərlər. Ermənistan cəmiyyətinə mesaj olmalıdır ki, hakimiyyətlərinə təzyiq etsinlər və hakimiyyətləri bu siyasətdən əl çəksinlər. Lakin əgər bunu etməyəcəklərsə, biz hazırda erməni cəmiyyətində bu istiqamətdə aktivlik də görmürük, təzyiqlərimiz artmalıdır. Bununla bərabər, biz çalışmalıyıq ki, mülki əhalinin də təhlükəsizliyi barədə düşünək".
Elxan Şahinoğlu nəzərə çatdırıb ki, keçən ilin aprel hadisələrində mülki obyektləri də hədəf alan işğalçının əsas məqsədi Azərbaycan cəmiyyətinin gözünü qorxutmaq olub: "Təəssüf ki, 1990-cı illərdə kənd və qəsəbələrimizin boşalmasına dair faktlar olurdu. Amma keçən ilin aprelində bir vətəndaşımız belə dədə-baba torpaqlarını tərk etmədi. Bu, ciddi bir mesaj idi. İndi də düşünüblər ki, Füzulinin Alxanlı kəndini minaatanlarla atəşə tutmaqla cəmiyyətimizi qorxuda bilərlər. Ancaq vətəndaşlarımız öz yerlərinə qalır, yaşayırlar. Bu, ordu üçün də bir mənəvi dəstəkdir. Ordu savaşarkən arxasında xalqın nəfəsini duymalıdır. Bu, bir növ Böyük Vətən Müharibəsinə bənzəyir. Alman faşistləri Moskvaya yaxınlaşanda şəhərin boşaldılması məsələsi vardı. Amma Moskva boşaldılmadı, alman faşistləri ilə savaşda sovet qoşunları arxada Moskvanın olduğunu, mülki vətəndaşların olduğunu bilərək, anlayaraq alman faşistlərinə zərbələr endirdilər və onları Berlinə qədər qovdular. Bizim ordu da arxasında vətəndaşlarımızın yaşadığını, mülki obyektlərin olduğunu görərək savaşı genişləndirməli, təzyiqi artırmalıdır. Biz apreldə bir neçə yüksəkliyi azad etdik. İndi də işğalçı mülki obyektləri hədəf alırsa, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında əməliyyatları daha da genişləndirmək lazımdır. Buna görə heç kim bizi qınaya bilməz".