“Azərbaycan parlamenti beynəlxalq müstəvidə ciddi işlər görür” Siyasət

“Azərbaycan parlamenti beynəlxalq müstəvidə ciddi işlər görür”

"Azərbaycan parlamenti beynəlxalq müstəvidə ciddi işlər görür. Bunu ayrı-ayrı beynəlxalq təşkilatlardakı deputatlarımızın fəaliyyəti təsdiqləyir". Millət vəkili, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eldar Quliyev belə deyib. O qeyd edib ki, istər ATƏT Parlament Assambleyası, istərsə də Avropa Şurası Parlament Assableyasında olan nümayəndə heyətimiz çox aktiv fəaliyyət göstərir: "Əlbəttə ki, bu qurumlarda qəbul edilən qətnamələrin Azərbaycanın xeyrinə olması vacibdir. Bəzən bizlər öz sözümüzü lazımi yerlərə çatdıra bilsək də, bu, alınmır. İkili yanaşmalar və s. kimi məsələlər var. Ancaq bütün bunlar bizi ruhdan sala bilməz. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Azərbaycan nümayəndə heyəti də çalışır ki, aparılan debatlarda maraqlarımızdan çıxış edən qərarların qəbul edilməsinə nail olaq. Ona görə də mütləq Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsız azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad etmək çox vacibdir. Təəssüf ki, üstündən 25 il keçməsinə baxmayaraq həmin qətnamələr yerinə yetirilmir. İndi hansı beynəlxalq qurumun qəbul etdiyi sənədə baxsanız görərsiniz ki, orada Azərbaycan torpaqlarının zəbt olunması göstərilir. Ancaq çox təəssüflər olsun ki, aparılan danışıqlar Ermənistanın təqsiri ucbatından heç bir nəticə vermir. Dövlət başçısı İlham Əliyev bununla bağlı mütəmadi olaraq danışıqlar aparır, görüşlər keçirir. Ölkəmizin mövqeyini ortaya qoyur, torpaqlarımızın bölünməz olduğunu, ümumən tarixi həqiqətlər haqda faktlar göstərir, ermənilər isə daima öz yalanlarını uydurmaqda davam edirlər. Bizim əsas məqsədimiz torpaqlarımızın geri qaytarılması və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasıdır". Millət vəkili bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Türiyədə keçirilən sonuncu toplantısında 12 dövlətdən üzv olan nümayəndələr iştirak edirdilər. Növbəti toplantı Ukraynada baş tutacaq: "Bu təşkilatın da digər bu kimi beynəlxalq qurumlarda olduğu kimi komitələri fəaliyyət göstərir. Assambleyanın ildə 2 dəfə toplantıları keçirilir. Komitədə verilən qərarlar assambleyanın iclasına təqdim olunur və müzakirəyə çıxarılır. Bizim üçün son toplantıda vacib olan sənədlərdən biri dövlətlərin ərazi bütövlüyünün, suverenliyin qorunması, sərhədlərin toxunulmazlığına dair qərarların qəbul edilməsi oldu...".