“Böyük güclər üçün Hayastan özünü satan qadındır” Siyasət

“Böyük güclər üçün Hayastan özünü satan qadındır”

Sahib Alıyev:"Bəzən ondan başqa məqsədlə də faydalanırlar-informasiya əldə etmək üçün"

Ermənistan Qərbə yalnız regionda sabitliyi pozmaq, "yad" geosiyasi strategiyanın həyata keçirilməsi üçün lazım ola bilər. NATO-nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Uilyam Laxyu yaxın vaxtlarda ağzından qaçırdı ki, Ermənistanın NATO-ya üzvlüyü mümkündür. İrəvan özünün komplementarlıq siyasətini davam etdirir, bu, eyni vaxtda iki stulda oturmaq cəhdinə oxşayır. Bəs bu baş tutacaqmı?
Bu fikirlər Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindəki Orfolo poliqonunda Gürcüstan və NATO-nun "Agile Spirit 2017" ("Zirək ruh 2017") çoxmillətli hərbi təlimləri barədə "Vestnik Kavkaza" nəşrindəki məqalədə yer alıb.
Məqalədə Ermənistanın NATO-nun hərbi təlimlərində yenidən, faktiki olaraq, Moskvanın, yumşaq desək, özünə dost dövlətlər sırasına aid etmədiyi ölkələrlə yanaşı iştirak etdiyi vurğulanır:
"Ermənistanın hakimiyyət orqanları keçən ay Ermənistan elə həmin Gürcüstanda NATO-nun təlimlərində iştirak edərkən, Rusiyanın yarımrəsmi ekspert dairələrinin səsləndirdiyi hədə-qorxu dolu aqressiv ritorikadadan asılı olmayaraq, ölkənin müdafiə siyasətini ardıcıl surətdə şaxələndirir".
1in.am-a istinadla "Vestnik Kavkaza" bəyan edib ki, Ermənistan – Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və formal baxımdan bu qurumlar qarşısında öz öhdəliklərini yerinə yetirir, digər tərəfdən – Ermənistanın hakimiyyət orqanları açıq-aşkar anlayır ki, Qərb strukturları ilə əməkdaşlıq meydanında inkişaf üçün resurs görünür:
"Təsadüfi deyil ki, son 10 gündə Ermənistan prezidenti və baş naziri payızda bu ölkənin Avrasiya İqtisadi İttifaqı ilə yeni çərçivə sazişi imzalayacağı barədə danışırlar. İrəvanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması Moskvada, təbii ki, qısqanclıq və narazılıqla qarşılanacaq, məhz ekspert dairələri tərəfindən verilən sərt qiymətlər buna sübutdur. Digər tərəfdən, sivil dünyadan ardıcıl surətdə təcrid edilən Rusiyanın Ermənistanın siyasətinə qətiyyətli təsir göstərmək üçün lazımi resursları yoxdur – üstəlik, Rusiyanın Azərbaycanı silahlarla təchiz etməsi sözün geniş mənasında Ermənistanın siyasətinin Qərbə tərəf yönəldilməsini qanuniləşdirib".
Nəşr məqaləyə sözardı kimi qeyd edib ki, son nəticədə, erməni hərbçiləri "Agile Spirit" çoxmillətli təlimlərində iştirakdan imtina ediblər, ola bilsin, Ermənistan rəhbərliyi öz səhvini başa düşüb.
"Vestnik Kavkaza" KİV-in rolunu xüsusi qeyd edərək bundan sonra da region ölkələrinin rəhbərlərinin Rusiyaya münasibətdə sözləri ilə işləri arasında uyğunsuzluğu aşkar etməyi öhdəsinə götürdüyünü bəyan edib.
Bir çox ekspertlər isə hesab edir ki, Ermənistanın NATO təlimlərinə qatılmaması Kremlin İrəvana bununla bağlı icazə verməməsi ilə əlaqələndirilməlidir. Millət vəkili, politoloq Sahib Alıyevin sözlərinə görə, nə Ermənistanın NATO-nun təqribən bir ay öncə yenə həmən Gürcüstanda keçirdiyi təlimlərə qatılmasında, nə də indikindən vaz keçməsində təəccüblü heç nə yoxdur. Forpostu təlimlərə qatıldıqda Rusiya bundan incimədiyi kimi, daha qatılmaq istəməməsindən NATO-dakılar da inciyən deyil. Beynəlxalq subyekt və obyekt olmayandan alət kimi faydalanılan birisindən kimsə inciməz: "Bu alətliyin başqa adı da var. Üzrlü sayın, ancaq Ermənistana yanaşmanı və oynadığı rolu onun qədər dəqiq çatdıracaq bir kəlmə olmadığından deməliyəm: böyük güclər üçün Hayastan bir növ özünü satan qadındır. Özünü satan qadın isə bilindiyi kimi bir gün birinin yatağında olar, başqa gün o birisinin. Bəzən ondan başqa məqsədlə də faydalanırlar-informasiya əldə etmək üçün. Rusiyanın Ermənistanı NATO-nun iyulun 31-də Gürcüstanda start verilən də "Ləyaqətli Tərəfdaş" adı daşıyan təlimlərinə buraxmaqda məqsədi də elə oradan dəqiq informasiya ələ etmək ola bilərdi. Həmən təlimlərdə Rusiyanı maraqlandıran bir sıra məsələlər vardı ki, onları haylar qədər içdən öyrənib nöqtəsinədək çatdıran kim olacaqdı?! Fikrimcə, Ermənistan hərbiçiləri həmən təlimlərdə NATO-nun bir parçası yox, Rusiyanın görən gözü və eşidən qulağı kimi çıxış edirdilər. Xatırlatmağa ehtiyac varmı ki, haylar bu təlimlərə özü də "Birləşmiş Hərbi Qruplaşma" yaratmalarının, əslində isə Rusiya ordusunun bir hissəsinə çevirilmələri haqda anlaşmanın Kremldə təsdiqindən cəmisi 5 gün keçmiş qatılmışdılar".
Millət vəkili hesab edir ki, NATO-da da bunu gözəl bilirdilər.Moskvanın Ermənistanı yenə həmən Gürcüstanda keçirilən və bu dəfə isə "Azad Ruh" adı daşıyan yeni NATO təlimlərinə buraxmamasına gəldikdə isə bununla göstrmək istəyir ki, birincisi, forpostda azad ruh ola bilməz, ikincisi, qərbdəkilərin planlaşdırdıqları "gələcək" gəlməyəcək: "Həm də başqa bir məsələ də var. Bir çox tərəfdaşaları Rusiyadan soruşa bilərdilər və yəqin soruşublar da ki, öz forpostunun NATO-yla sıx əməkdaşlığına göz yumub, digərlərinin bu yöndə atdığı addımlara qıcıqlı yanaşma sərgiləmək nə dərəcədə doğrudur və necə anlaşılmalıdır?!!".
Ermənistan hakimiyyəti son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimlərində iştirakdan imtina edib və bunun səbəbini izah etməməsinə politoloq Elxan Şahinoğlu da münasibət bildirib: "Səbəbi aydındır. Moskva bu dəfə qadağan edib. Tiflisdən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı Azərbaycan da iştirak edəcək. Əgər bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam. Ermənistandan fərqli olaraq biz kimsənin diqtəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur".