Sülh Platformasının həmkoordinatoru beynəlxalq tədbirdə Siyasət

Sülh Platformasının həmkoordinatoru beynəlxalq tədbirdə

Polşanın Krynica-Zdroy şəhərində keçirilən XVII İqtisadi Forumda təmsil olunan Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev "Mental sərhədlərdən mental dəmir pərdəyə qədər" mövzusunda keçirilən paneldə məruzəçi kimi çıxış edib.
Sülh Platformasının Mətbuat xidmətindən verilən məlumata görə, paneldə Orxan Nəbiyev ilə birlikdə Fransa Parlamentinin deputatı Frederik Petit, Macarıstanın Pazmany Peter Katolik Universitetinin Tarix fakültəsinin direktoru Sandor Oze, Ukraynanın "Sophia"sosial araşdırmalar İnstitutunun icraçı direktoru Volodimir Lupatsi və İqtisadi Analitika İnstitutunun prezidenti, ABŞ-ın CATO İnstitutunun baş elmi işçisi Andrey İllarionov iştirak ediblər.
Panelə başlayan Fransalı millət vəkili Frederik Petit hazırda Avropada ciddi identiklik probleminin olduğunu bildirib. Onun sözlərinə görə, şərqi və qərbi Avropa arasında uçurum var və bu da, əsasən, şərqi Avropanın təhlükəsizlik, Qərbi Avropanın isə azadlıq anlayışlarına köklənməsidir: "Bu isə qərbi və şərqi Avropa arasında inteqrasiya probleminin yaranmasına gətirib çıxarır. Əsas mental pərdənin və dəmir pərdənin məhz bəşəriyyətin, xüsusilə də Şərqi Avropa regionunda olan ölkələrin "biz və onlar" yanaşmasının mövcudluğunu və bunun əsasında qorxu hissinin olmasıdır".
Orxan Nəbiyev çıxışında tarix boyu Cənubi Qafqaz ərazisində siyasi-ictimai mənada "biz və onlar" məfhumunun olmadığını, fərqliliyin isə yalnız məişət səviyyəsində olduğunu bildirərək SSRİ-nin süquta yetməsi ilə böyük dövlətlərin bu regionda qorxu və nifrət hissini yayaraq fərqliliyi hərbi-siyasi müstəviyə keçirib. Elə həmin qüvvələr də Gürcüstanda və Ukraynanın şərqində separatizmin yayılmasında iştirak edirdilər. O, çıxışında Ermənistan-Azərbaycan Sülh Platformasının məhz bu mental dəmir pərdəni qıraraq xalqlar arasında əlaqələrin bərpası üçün çalışdığını bildirib.
Orxan Nəbiyev bu fəaliyyətdə onlara eyni destruktiv və regionda hərbi gərginliyin qalmasını istəyən qüvvələrin mane olduqlarını qeyd edib. Panel dinləyicilərlə iştirakçıların sual-cavab formatında müzakirələri ilə yekunlaşıb.