Moskvada dini liderlərin görüşü olub Siyasət

Moskvada dini liderlərin görüşü olub

Allahşükür Paşazadə: "Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasına başlamaq lazımdır"

"Ümid edirəm ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhrəsi olacaq. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüşlərimiz olub, təəssüflər olsun ki, nəticəsiz qalıb. Təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində dinc insanlar həlak olurlar. Biz bu məsələyə bu cur yanaşsaq, çətin ki, həll yoluna gələk".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya paytaxtında Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qareginin iştirakı ilə keçirilən üçtərəfli görüşdə deyib.
"Biz din xadimləriyik, hərbçi deyilik. Problemin elə həll yolunu tapmalıyıq ki, xalqlara ziyan gəlməsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub. Gəlin, bu gün Kirilin rəhbərliyi ilə dövlət rəhbərlərimizə çağırış edək ki, münaqişənin sülh yolu ilə həll üçün səylərini artırsınlar.
Milyonlarla insan öz ata-baba yurduna gedə, qəbirlərini ziyarət edə bilmir. Həmin yerlər işğal altındadır. Faktlar var ki, qəbirlər təhqir edilir. Bu heç də dindarlara yaraşmır. Dağlıq Qarabağ ətrafındakı rayonların yavaş-yavaş qaytarılmasına başlamaq lazımdır", - deyə QMİ sədri qeyd edib.
A. Paşazadə bildirib ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov yaxınlarının qəbrini ziyarət etmək istəyərkən Kəlbəcərdə girov götürülüb: "Girovlar, əsirlər azad olunmalıdır. Biz ilk addımı atmalıyıq ki, insanlar öz ata-baba yurdlarına qayıtsınlar. Sadəcə, görüşmək xatirinə görüşməməliyik.
Biz bir yerdə yaşayacağıq, heç kəs heç yerə getməyəcək. Ona görə də bizim görüşün nəticəsi olmalıdır.
Mən bir daha erməni katolikosuna müraciət edirəm. Bu görüşdən sonra yenə əvvələ qayıtmayaq. Bir daha qeyd edirəm ki, mən bu görüşə böyük ümidlə baxıram".
Moskva və bütün Rusiyanın patriarxı Kirill görüş təklifini qəbul etdiyinə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə və bütün ermənilərin katolikosu II Qareginə təşəkkür edib.
Patriarx Moskvada keçirilən üçtərəfli görüşdə bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz.
"Ermənistan və Azərbaycan xalqlarının irəliləmək, sülhü möhkəmlətmək istəyi var. Mən bu üçtərəfli görüşü keçirmək imkanını yüksək qiymətləndirirəm. Çünki din adamları kimi, biz siyasətçilərdən fərqli dildə danışırıq. Bizə işlərimizə yardımçı olan daxili potensialımız var və o potensial fikir ayrılığını aradan qaldırmaqda bizə kömək edir.
Bizim tanrıya müraciət etmək bacarığımız sübhəsiz ki, mürəkkəb problemlərin həllində bizə yardımçı olur. Ümid edirəm ki, müqəddəs Danil monastırının divarları arasında biz ümumi razılığa gələ biləcək, problemin həlli yollarına ümumi münasibətimizi əks etdirən mətn işləyib hazırlaya biləcəyik", - deyə Kirill qeyd edib.
Öz növbəsində, II Qaregin Azərbaycan tərəfinin silahlanmaya üstünlük verməsindən narahatlıq ifadə edib.
O, Azərbaycan tərəfini sülh danışıqlarından yayınmaqda günahlandırıb. Din xadimi deyil, siyasətçi kimi danışan II Qaregin Azərbaycan tərəfini atəşkəs rejimini tez-tez pozmaqda da ittiham edib.
Ötən ilin aprel müharibəsini xatırladan erməni katolikos Azərbaycanın həmin vaxt geniş miqyaslı müharibə apardığını söyləyib, münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib.
II Qaregin snayperlərin qoşunların təmas xəttindən çəkilməsinin zəruriliyini də diqqətə çatdırıb.