“Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil” Siyasət

“Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil”

Yaqub Mahmudov: "Onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb"

"Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, deputat, akademik Yaqub Mahmudov deyib. Biz imperiya yaratmış xalqıq. Lakin Azərbaycan xalqına saxta tarix təqdim olunub. Guya indiki Ermənistan elə əvvəldən olub, Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Bu, saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma "Böyük Ermənistan" nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Tarixi reallığı dünyaya çatdırmaq məqsədilə rus, ərəb, ingilis, ispan, italyan və sair dillərdə kitablar ortaya qoymuşuq. Məqsəd ondan ibarətdir ki, dünya ictimaiyyətinə çatdıraq: ermənilər bura I Pyotrun göstərişindən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb gətirilmə etnosdur. Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb", - deyə institut direktoru qeyd edib.
Y.Mahmudov bildirib ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər, bütün bu qanlı tarix də ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb: "Çar Rusiyası erməniləri təpədən dırnağa qədər silahlandırıb, Azərbaycan xalqını yurd-yuvasından didərgin salıblar, soyqırımı həyata keçiriblər. Bizim tarixçilərimiz isə Sovet dövründə Çar Rusiyasına qatılmış Şimali Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim ediblər. Ermənilər də bundan geniş istifadə edərək Çar Rusiyasına qatılmış tarixi Azərbaycan torpaqlarını özlərinin qədim ərazisi kimi təqdim ediblər. 1828-ci il müqaviləsində yazılır ki, "İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilir". Göründüyü kimi bu müqavilədə Ermənistan sözü yoxdur, çünki o vaxt Ermənistan yox idi, ermənilər hələ bu əraziyə yenicə köçürülürdü. Lakin bu tarixi saxtalaşdıraraq "Ermənistanın Rusiyaya birləşdirilməsi" kimi qeyd edirlər. Odur ki, bizim tariximiz xalqa olduğu kimi təqdim edilməlidir".
Tarixçi-alim qeyd edib:"Azərbaycan xalqı bilməlidir ki, Zəngəzur, İrəvan əraziləri, Cənubi Azərbaycandakı torpaqlarımız, eləcədə Borçalı, tarixi şəhərimiz olan Dərbənd Azərbaycan xalqının tarixidir.Ərazinin tarixi, oradakı bütün tarixi abidələr bizə məxsusdur".
Onun sözlərinə görə, erməni vandallarının məhv etdiyi İrəvan xanlarının sarayı, məscidlər nadir tarixi abidə idi.
Akademik əlavə edib ki, indi də ermənilər tərəfindən Qarabağda eyni ssenari aparılır: "Necə ki, İrəvan xanlığında bütün adlar dəyişdirilmişdi, indi də Qarabağdakı coğrafi adlar, mədəni və tarixi abidələr erməniləşdirilir. Bununla kifayətlənməyərək Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hamısının adını dəyişdiriblər. Ssenari eynidir, yenə də məscidlər, tarixi abidələr məhv edilir, tarix kökündən dəyişdirilir. Təsadüfi deyil ki, möhtərəm prezident Astanada çıxışı zamanı qeyd etdi ki, "Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz". Biz də bunları nəzərə alaraq tarixi faktlarla ayıltma işini görürük. Düşünürəm ki, gördüyümüz işin millətimiz üçün çox böyük mənası var. Ona görə ki, millət öz tarixinə sahib çıxmalıdır. Sən tarixini bilməsən səni udacaqlar, tarixinə sahib çıxsan səni heç kim məhv edə bilməz. Odur ki, biz tariximizə sahib çıxmalıyıq".