“Milllətçilərin Avropa ölkələrində təsir gücü artır” Siyasət

“Milllətçilərin Avropa ölkələrində təsir gücü artır”

İlqar Vəlizadə:"Bu, dünya miqyasında təhlükəli tendensiya hesab oluna bilər"

"Avropada millətçi partiya və təşkilatların təsir dairəsi genişlənməyə başlaması prosesi Avropanın uzun illərdən bəri təbliğ etdiyi dəyərlərin məhv olmasına gətirib çıxara bilər". Bunu politoloq İlqar Vəlizadə bildirib: "Milllətçilərin Avropa ölkələrində təsir gücünün artması dünya miqyasında təhlükəli tendensiya hesab oluna bilər. Bu, təkcə dünən Almaniyada baş tutan seçkilərdə yox, ötən seçkilərdə müşahidə olunan və 10-15 ildir davam edən bir prosesin nəticəsidir. Bəzi millətçi partiyalar hər seçkidə əvvəlki illərə nisbətən daha çox səs toplayır və getdikcə möhkəmlənirlər. Bu da o deməkdir ki, onların seçici bazası artır. Beləliklə, millətçilər daxili siyasi proseslərə kifayət qədər ciddi təsir göstərirlər. Bu da sözsüz ki, təhlükəli bir vəziyyət yaradır. Çünki bu tendensiya onu göstərir ki, Avropanın uzun illərdən bəri insanlar arasında təbliğ etdiyi bərabərlik , digər dinlərə, başqa millətlərin nümayəndələrinə hörmətlə yanaşma və s. dəyərlər yavaş-yavaş yox ola bilər. Artıq Avropa siyasi səhnəsində millətçi partiya və təşkilatlar kifayət qədər əhəmiyyətli yer tuturlar, getdikcə tərəfdarlarının sayını artıra bilirlər. Bu da onu göstərir ki, gələcəkdə Avropada milli münaqişələr çoxala və Avropa siyasətində ciddi dəyişikliklər müşahidə oluna bilər ki, bu da Avropa Birliyi dəyərlərinə kifayət qədər mənfi təsir göstərə bilər".
Ekspertin fikrincə, millətçilərin Avropada təsirinin artırması Avropanın bəzi siyasi məsələlərdə öz mövqeyini sərtləşdirməsinə səbəb ola bilər:
" Məsələn, miqrasiya, daxili azadlıqlar və s. kimi bir çox məsələlərdə Avropa siyasətini sərtləşdirə bilər. Hətta belə bir ehtimal var ki, hicab qadağan oluna bilər. Hazırda bəzi Avropa ölkələrində bu proses başlayıb. Bundan əlavə, məscidlərin tikilməsi ilə bağlı mövcud qadağalar arta bilər. Bu da öz növbəsində həmin ölkələrdə yaşayan müsəlmanlarla xristianlar arasındakı münasibətlərə təsir göstərə və vəziyyəti gərginləşdirə bilər. Bu zaman müsəlman icmasına qarşı təzyiqlərin artması da istisna olunmur. Avropada bəzi dövlətlər açıq-aşkar olmasa da, sözügedən təzyiqlərə dəstək verəcəklər. Bü cür prosseslər əlbəttə ki, AB-nin müsəlman ölkələrinə münasibətində dəyişikliklərə gətirib çıxarar".
Politoloq bildirib ki, Avropada millətçilərin mövqelərinin güclənməsindən narahat olan bir sıra müsəlman ölkələri İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində vəziyyətlə bağlı öz narahatlıqlarını dilə gətirməyə başlayıb:
"Məsələn, Azərbaycan məsələ ilə bağlı açıq mövqe sərgiləyib və mövcud vəziyyətdən narahat olduğunu bildirib. Azərbaycanla yanaşı, Türkiyə də tənqidi fikirlər səsləndirib. İƏT-nın sonuncu iclasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirdi ki, bu məsələyə BMT çərçivəsində baxılmalıdır. Belə vəziyyət əlbəttə ki, müsəlman ölkələrini də narahat edir".
Qeyd edək ki, Almaniyada keçirilən seçkilərdə Almaniya üçün Alternativ Partiya ilk dəfə bu qədər yüksək səslə parlamentə düşüb. Bundan əvvəl isə Fransada prezident seçkilərində ultrasağçı Marin Le Pen Makronla ikinci tura keçmiş, ilk dəfə olaraq 34 faiz səs qazanmışdı.