“Şimali İraqda Kürdüstanla bağlı gedən proseslər də gündəmdədir” Siyasət

“Şimali İraqda Kürdüstanla bağlı gedən proseslər də gündəmdədir”

İlqar Vəlizadə: "Mövcud vəziyyət bu olaylara ortaq konteksdə yanaşmağı tələb edir"

"Putinin Ankara səfəri Rusiyanın Türkiyəyə verdiyi önəmin isbatıdır. Rusiya Türkiyə ilə həm siyasi, həm də iqtisadi layihələrin gerçəkləşməsində maraqlıdır. Siyasi layihələrdən biri Yaxın Şərqin post-konfilikt dönəmindən sonra yenidən qurulması ilə bağlıdır". Bu fikirləri politoloq İlqar Vəlizadə səsləndirib: "Həm Türkiyə, həm də Rusiya anlayır ki, regionda hər iki dövlətin böyük maraqları var və bu maraqlar elə uzlaşmalıdır ki, toqquşmasınlar.
Rusiya son vaxtlar Türkiyəyə güclü silah-sursatlar satıb. Bunun özü Rusiyanın Türkiyəyə olan eimadına, bu silahların Rusiyanın maraqlarına qarşı yönəlməyəcəyinə olan inamına nümunədir. Halbuki, Türkiyənin müttəfiqləri bu cür raket komplekslərini Türkiyəyə satmağa ehtiyat edirlər.
Bundan başqa, Şimali İraqda Kürdüstanla bağlı gedən proseslər də gündəmdədir. Mövcud vəziyyət bu olaylara ortaq konteksdə yanaşmağı tələb edir. Bu, tərəflər arasında narazılıq və konfiliktlərin baş verməsini önləmək baxımından zəruridir.
Görüş əsnasında çox güman ki, Suriyadakı olayların, digər oyunçuların, yəni ABŞ-ın, Səudiyyə Ərəbistanı kimi oyunçuların rolu da müzakirə ediləcək. Qətər məsələsinin də müzakirəsi mümkündür. Bildiyiniz kimi, Türkiyə Qətəri dəstəkləsə də, Qətər əleyhinə çıxış edən dövlətlər də var.
Müzakirələrdə dəyəri milyard dollarla ölçülən iqtisadi əməkdaşlıq da müzakirə ediləcək. Avrasiya İttifaqı, Türkiyənin bu qurumda mümkün iştirakçılığı ilə bağlı da fikir mübadiləsinin aparılması mümkündür".