Tehranda tarixi razılaşma Siyasət

Tehranda tarixi razılaşma

İraqdakı kürdlər müstəqillik elan edərsə, Türkiyə, İran və İraq bölgədə birgə hərbi əməliyyat keçirəcək

İraqın şimalındakı kürd muxtariyyatı müstəqillik elan edərsə, Türkiyə, İran və İraq bölgədə birgə hərbi əməliyyat keçirəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnla iranlı həmkarı Həsən Ruhani arasında Tehranda keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.
Məlumata görə, dövlət başçıları İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Ərdoğan və Ruhani Türkiyə və İran arasında ticarət həcminin artırılmasını da razılaşdırıblar.
İran prezidenti Həsən Ruhani deyib ki, hər iki ölkə ticarəti milli valyuta ilə edəcək.
Həsən Ruhani bildirib ki, Türkiyə İranda karbohidrogen yataqlarına sərmayə qoymağa razılıq verib: "Turizmin inkişaf etdirilməsi barədə də razılıq əldə edilib. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq haqqında razılığa gəliblər. İraq və Suriyadakı vəziyyəti müzakirə etmişik. İran, Türkiyə və Rusiya Suriya məsələsində eyni mövqedən çıxış edir. Suriyada sülh və sabitliyin təmin edilməsi bölgədə təhlükəsizlik və stabilliyə yardımçı olar".
Onun sözlərinə görə, tərəflər danışıqlar zamanı bölgədə separatçılığa qarşı olduqlarını vurğulayıblar: "Ölkələrimiz separatçılığı qəbul etmir. İraq əhalisi dostumuzdur. İraqın şimalındakı bəzi qüvvələr separatçılıq edirlər. Terrorçuluğa qarşı mübarizə hər iki dövlətin əsl hədəfidir. Bunun adı İŞİD, PKK olsa da, ona qarşı birgə mübarizə aparacağıq".
Rəcəb Tayyib Ərdoğan deyib ki, iki ölkənin bankları qarşılıqlı şəkildə işləyəcək: "İran banklarının Türkiyədə, Türkiyə banklarının İranda şöbələri açılacaq. Enerji sektorunda əməkdaşlığımızı davam etdirəcəyik. Mədəniyyət və turizm nazirlərimiz öz aralarında əməkdaşlığı davam etdirəcəklər. Bu sahədə təcrübəmizi İranla bölüşməyə hazırıq. Turizm sektorundakı sərmayəçilərimizi İranda fəaliyyət göstərməyə təşviq edəcəyik. Üçtərəfli mexanizm şəklində çalışdığımız İraq məsələsidir. İraqın şimalındakı yerli muxtariyyətin tədbirini tanımadığımızı bəyan etdik. Buna qarşı atdığımız addımlar var. İran, İraq mərkəzi hakimiyyəti və Türkiyə birlikdə daha sərt şəkildə addımlar atacağıq. Suriyada da üçtərəfli mexanizm var - İran, Rusiya və Türkiyə. Astana anlaşmalarını həyata keçiririk. Hərbi və kəşfiyyat orqanlarımız qarşılıqlı əməkdaşlıq edirlər".
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində İran və Türkiyə arasında 4 əməkdaşlıq sazişi və memorandum imzalanıb.