“Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə...” Siyasət

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə...”

Rasim Musabəyov: "Cəbhə xəttində atəşkəsin qorunması ilə bağlı əlavə tədbirlərin keçirilməsi müzakirə oluna bilər"

Fikrət Sadıxov: "Son zamanlar münaqişənin həlli ilə bağlı müəyyən təkliflər var"


ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan Prezidentlərinin 16 oktyabr 2017-cı il tarixində Cenevrədə görüşü keçiriləcək. Bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bir sıra ekspertlər bu görüşün fərqli mahiyyət daşıyacağını düşünürlər.
Deputat Rasim Musabəyov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə cəbhə xəttində atəşkəsin qorunması ilə bağlı əlavə tədbirlərin keçirilməsi müzakirə oluna, hətta bununla bağlı hər iki ölkənin müdafiə nazirlərinə tapşırıq da verilə bilər. Onun sözlərinə görə, eyni zamanda görüşdə xarici işlər nazirlərinə mahiyyət etibarı ilə substantiv danışıqların başlanması və intensivləşdirilməsi tapşırığı verilə bilər: "Ümumilikdə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret razılaşmanın əldə olunması məsələsi inandırıcı görünmür".
Politoloq Fikrət Sadıqov vurğulayıb ki, dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair görüşü yüksək səviyyəli görüşdür: "Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə danışıqlar mövzusu olacaq məsələ çoxdur". O qeyd edib ki, son zamanlar münaqişənin həlli ilə bağlı müəyyən təkliflər var: "Lavrov planı, Tillerson planı, Minsk qrupunun sabiq həmsədri Hoqlandın torpaqların geri qaytarılması barədə təklifləri var idi. Hesab edirəm ki, görüş zamanı müzakirə predmeti geniş olacaq". Politoloq vurğulayıb ki, görüşdə Azərbaycan Prezidenti ölkəmizin prinsipial mövqeyini yenidən bildirəcək. F. Sadıqovun fikrincə, bütün məsələlər dərhal həll olunması mümkün deyil, lakin görüş canlanmanın bir mərhələsidir: "Bəlkə də həmsədrlər təkliflər hazırlayıb onları irəli sürmək fikrindədir. Təkliflər barədə yayılan məlumatların təsadüfi olmadığını düşünürəm. Konkret proqnoz vermək çətindir. 25 ildir ki, davam edən münaqişə və danışıqlar prosesi əsas vermir ki, biz çox optimist yanaşma nümayiş etdirək. Çox güman ki, konkret substantiv danışıqlar çərçivəsində mühüm məsələ müzakirə ediləcək".

Əli