“Yaxşı olardı ki, təkliflər də verilsin” Siyasət

“Yaxşı olardı ki, təkliflər də verilsin”

"Biz bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığını ictmaiyyətin müzakirəsinə çıxartdıq ki, hamı öz fikrini bildirsin. Düzdür, bizi tənqid edirlər, amma yaxşı olardı ki, təkliflər də verilsin".
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığının açıqlamasından sonra onların bəzilərinin heç də yaxşı qəbul edilməməsinə münasibətində bildirib.
Komissiya sədrinin müavini qeyd edib ki, alınma sözlərin qarşılğının ictimaiyyətə açıqlamasında məqsəd elə onların necə qarşılandığını bilməkdir: "Bəzi alınma sözlərin, terminlərin Azərbaycan dilindəki tərcümələri sadəcə kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyətin müzakirəsinə təqdim etdik. O cümlədən, tərcüməsi heç də birmənalı qarşılanmayan "proqnoz" və "mouse" sözlərini. Məsələn, informasiya texnologiyaları üzrə mütəxəssislər "mouse" sözünü əsasən, siçan kimi qəbul ediblər. Bu isə bildiyimiz kimi, kompüterin bir alətidir. Tutaq ki, həmin alət xarab olub. O zaman biz yazırıq ki, bizə bir ədəd siçan verməyinizi xahiş edirik. Bu isə gülünc görünür. Ona görə də bu sözü müzakirəyə çıxartdıq. Amma mütəxəssislərin bəziləri də "mouse" sözünün qarşılığı kimi "bələdçi" sözünü təklif edib. Amma bilirik ki, "bələdçi" sözü onu tam ifadə eləmir. "Bələdçi" sözü dənizçilik lüğətində də var, indi "qid" də "bələdçi" adlanır. Ona görə də bu sözü müzakirəyə çıxartdıq ki, ictimaiyyətin rəyini öyrənək. Eləcə də "proqnoz" sözünü. "Proqnoz" termininin qarşılığı olaraq bəziləri "öncəgörmə" sözünü təklif edir. Amma "öncəgörmə" "proqnoz"u tam ifadə eləmir. Buna baxmayaraq, biz bütün bunları təklif kimi irəli sürmüşük ki, görək onlar necə qarşılanır? Biz ictimaiyyətin buna reaksiyasını yoxlamaq istədik. Qoy hamı bununla bağlı fikirlərini bildirsin, təkliflərini irəli sürsün".
Sayalı Sadıqovanın sözlərinə görə, dilmizdə söz yaradıcılığı prosesi mütləq getməlidir getməlidir. Bu isə kabinetlərdə olmamalı, ictimaiyyətin ixtiyarına verilməlidir: "Qoy jurnalistlər, ziyalılar çıxış eləsinlər, bizə təkliflər versinlər. Əgər "proqnoz" sözünün qarşılığı olaraq "öncəgörmə" qəbul olunmursa, qoy qəbul olunmasın. Amma tutaq ki, "evakuasiya" sözünün qarşılığı niyə "təxliyə" olsun? Niyə "köçürülmə" olmasın? Axı "təxliyə" sözü də bizim deyil, ərəb sözüdür. Bizim "Tibbi terminlər lüğəti"miz var. Orada "evakuasiya" sözü müharibə zonalarından, təhlükəli ərazilərdən məhz "köçürülmə" kimi tərcümə olunub, "təxliyə" kimi yox. Qoy müzakirə olunsun, əgər qəbul olunsa "köçürülmə" işlənsin. Bəlkə heç qəbul olunmayacaq və daha yaxşı söz təklif edəcəklər? Yəni məqsəd terminlərin daha yaxşı qarşılığını, hamıya aydın ola biləcək sözü üzə çıxartmaqdır".
O, qeyd edib ki, belə təcrübə əvvəllər də olub: "Sovet dövründə "Kommunist" qəzetində yeni sözlərin siyahısı verilirdi. Daha sonra camaat, əsasən də ziyalılar həmin sözlərlə bağlı təkliflərini irəli sürürdülər. Məsələn, Mirzə İbrahimovun dövründə müzakirələr nəticəsində nə qədər yeni sözlər yarandı? Özü də həmin sözlərin çöxunu Mirzə İbrahimovun şəxsən özü yaratdı. Yaxud da hörmətli yazıçımız Anarın atası Rəsul Rza. O, "Azərbaycan Sovet Ensiklopediyası"nın (ASE) baş redaktoru olub. Onun dövründə o qədər yeni sözlər yaranıb ki!
Yadımdadır, "svetofor" sözünün əvəzində "işıqfor" sözü işlənməyə başlayanda xeyli tənqidlər oldu. Amma keçid dövründə "işıqfor" sözü daha çox işlənməyə başladı. Hərçənd, tam işləklik qazanmayıb, çünki onu hərtərəfli əhatə eləmir. Daha bir misal çəkim. Əvvəllər "kompüter"lə yanaşı "bilgisayar" sözü də işlənirdi. Amma "kompüter" sözü işləklik qazandı".
Dilçi alim hesab edir ki, bütün bu müzakirələr əsasında 5-6 il ərzində dilimizə yeni yaradılmış sözlərdən 20-si, 100-ü də gəlsə, bu, Azərbaycan dilini zənginləşdirər: "Çünki alınma sözlərin hamısını da olduğu kimi işlətmək doğru deyil. Biz alınma sözlərlə bağlı terminoloji lüğət düzəltmişik. Orada 5 min termin yer alıb. Özü də hələ proses davam edir. Axı dilimizdə 110 min söz var. Əgər 25 il ərzində dilimizə 10 min yeni söz gəlirsə, görün dilimizi necə dəyişir? Məhz bu baxımdan dilimizdə yad sözlərin çoxalması bizi narahat edir.
Təbii ki, elə beynəlxalq terminlər var ki, onları bəzən olduğu kimi, bəzən isə dilimizə uyğunlaşdırıb işlədirik. Biz də başa düşürük ki, hamı tərəfindən qəbul edilmiş terminlərin yersiz tərcüməsi gülünc qarşılanır.
Biz indi 10 söz təklif etmişik. Əgər onlardan hətta 8-i də qəbul olunursa, bu çox müsbət haldır. Kimsə "e-mail"i "elektron poçt" kimi, "kserokopiya"nı "üzçıxarma", "konsensus"u "yekdillik", "zaryadka"nı "yükləmə", "embarqo"nu "qadağa", "like"ı "bəyənmə", "mesaj"ı "ismarıc" kimi qəbul edəcək. Amma "proqnoz" "öncəgörmə", "mouse" isə "bələdçi" kimi qəbul olunmazsa, bu da təbiidir. Biz heç kimə demirik ki, bu söz təsdiq olunub və hər kəs onu mütləq işlətməlidir. Hansı işləklik qazansa, o da qalacaq. Çünki bu elə prosesdir ki, hansı söz işləklik qazanırsa, o da dildə qalır. Bu prosesdə mətbuatın, eləcə də saytların rolu çox böyükdür. Biz "tıxac" sözünü yaradanda buna görə o qədər vuruşmalar olmuşdu ki! Hamı deyirdi ki, "tıxac" nə deməkdir? Amma indi hamı "tıxac" sözünü işlədir. "Atəşkəs" sözünü yaradanda da elə idi. Hamı bizi dolayırdı. Deyirdilər ki, atəşi kəs nə deməkdir? İndi ən çox işlənən sözlərdəndir. Ona görə də bunu dilimizin inkişafı nöqteyi-nəzərindən etməliyik. Dilimizdə söz yaradıcılığı getməlidir. Alınma sözləri dilimizə olduğu kimi doldurmaqla iş bitmir. Mətbuatda, kütləvi informasiya vasitələrində elə sözlər işlədilməlidir ki, xalq onu başa düşsün. O qədər elə sözlər var ki. İndi biz onları yığırıq, üzərində düşünürük. Camaat özü "şpilka"nı "ipəzor" kimi tərcümə edir. Düzdür, gülüş doğurur, ancaq bu da lazımdır. Hamımız fikirləşməli, nəsə etməliyik. Təkcə tənqid etmək yox, təkilflər də vermək lazımdır. Bu daha yaxşı olar".
"Terminologiya" sözünün özünün azərbaycanca qarşılığının tapılması məsələsinə gəlincə, Komissiya sədrinin müavini deyib ki, əvvəllər belə bir cəhd olub, amma hələ ki, onu tam ifadə edən söz tapılmayıb: "Bu söz əvvəllər "istilah" kimi işlədilirdi. Çünki "termin" sözü "sədd", "sərhəd", "hüdud" deməkdir. Amma biz onu necə dəyişə bilərik? Terminologiya sözü beynəlxalq səviyyədə işlənən sözdür. Söz o zaman beynəlxalq səviyyədə qəbul olunur ki, o, ən azından 4-5 dildə işlənsin. Amma "terminologiya" sözü 80 dildə sərbəst şəkildə işlənir. Mən bunu Beynəlxalq Terminologiya Şəbəkəsi (TermNet) təşkilatının üzvü kimi deyirəm. Bu söz həmin təşkilatın üzvü olan bütün dövlətlərdə qəbul olunub. Tutaq ki, "terminologiya"nı "istilah" kimi verdik. Axı "istilah" özü də bizim söz deyil. Nə zaman onu tam ifadə edən söz tapsaq verərik, amma hələ ki, tapılmayıb".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb. Onun sözlərinə görə, "zaryadka" - "yükləmə", "adapter" - "yükləyici", "embarqo" - "qadağa", "evakuasiya" - "köçürülmə", "proqnoz" - "öncəgörmə", "konsensus" - "yekdillik", "kserokopiya" - "üzçıxarma", "like" - "bəyənmə", "mesaj" - "ismarıc" kimi təsdiqlənib. Sayalı Sadıqova əlavə edib ki, kompüter "mouse"un qarşılığı kimi "bələdçi" sözündən istifadə olunması təklif edilir.