“BTQ-nin açılışı tarixi hadisədir“ Siyasət

“BTQ-nin açılışı tarixi hadisədir“

"Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı Azərbaycanın iqtisadi-siyasi həyatında tarixi bir hadisədir".
Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olan bu layihə digər layihələr kimi ölkənin beynəlxalq nüfuzunu yüksəltməklə iqtisadiyyatımızın inkişafına mühüm töhfə verəcək:
"Avropanı Asiya ilə əlaqələndirən bu dəmir yolu xətti Azərbaycanı qitələrin tranzit mərkəzinə çevirməklə bərabər, Çin-Avropa məsafələrini qısaldacaq, yük və sərnişin daşımalarının miqdarını xeyli artıracaq, vaxtı və xərcləri azaltmaqla ölkələrə külli miqdarda mənfəət gətirəcək. Sözsüz ki, Azərbaycan bu layihədən daha çox bəhrələnəcək, çünki ölkəmiz bu xəttin çəkilməsinin təşəbbüskarı olmaqla, həm də layihənin maliyyələşdirilməsinin, işlərin vaxtında və keyfiyyətlə aparılmasının əsas təşkilatçısı olub".
Tahir Rzayev bildirib ki, bu dəmir yol xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi bütün dünyaya Azərbaycanın müstəqil iqtisadi siyasət yeritdiyini və ən mühüm layihələr həyata keçirmək iqtiradında olduğunu sübut etdi:
"Bu həm də düşmənlərimizə, bu layihənin reallaşdırılmasına mane olanlara, ən başlıcası Ermənistana sarsıdıcı zərbə oldu. Təcavüzkar ölkə çox mühüm bir layihədən kənarda qalmaqla onsuz da acınacaqlı olan iqtisadi vəziyyətini daha da çətinləşdirdi. BTQ-nin çəkilməsi həm də Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinə, iqtisadi vəziyyətlərinin yaxşılaşmasına, xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə mühüm töhfə verəcək".
Qeyd edək ki, bu gün Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.