"Növbədənkənar seçkilər Serbiyada hakimiyyətin tez-tez istifadə etdiyi bir siyasi alətdir" Dünya

"Növbədənkənar seçkilər Serbiyada hakimiyyətin tez-tez istifadə etdiyi bir siyasi alətdir"

Serbiyada növbədənkənar parlament seçkiləri, əsasən, ölkədəki dərin siyasi böhranı aradan qaldırmaq, ictimai gərginliyi azaltmaq və hakim partiyanın xalq dəstəyini yenidən təsdiqləməsi zərurətindən irəli gəlir.

Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.

"Prezident Vuçiç tərəfindən parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin ciddi səbəbləri var. Serbiyada uzun müddətdir ki, hökumət əleyhinə kütləvi küçə etirazları davam edir. Xüsusilə 2024-cü ilin noyabrında Novi Sad şəhərinin dəmir yolu vağzalında beton örtüyün uçması və 16 nəfərin ölümü ilə nəticələnən faciə xalqın qəzəbini pik həddə çatdırdı.

Tələbə hərəkatları və müxalifət bu hadisəni dövlət qurumlarındakı korrupsiyanın və səhlənkarlığın nəticəsi hesab edərək uzun müddətdir növbədənkənar seçkilər tələb edirdi. Prezident Vuçiç və onun rəhbərlik etdiyi hakim Serbiya Tərəqqi Partiyası cəmiyyətdəki parçalanmanı aradan qaldırmaq üçün xalqın rəyinə yenidən müraciət etməyi zəruri sayır.

Hakimiyyət bu seçki vasitəsilə vətəndaşların hansı siyasi xətti dəstəklədiyini rəsmən görmək və öz idarəçilik mandatını gücləndirmək istəyir" - o, qeyd edib.

B.Həsənbəylinin fikrincə, mövcud qanunvericiliyə görə, Vuçiç növbəti dəfə prezidentliyə namizəd ola bilməz. O, rəsmən bəyan edib ki, prezident postundan istefa verərək parlament seçkilərində partiyasının Baş nazir namizədi kimi iştirak edəcək:

"Bu gediş hakimiyyətin faktiki olaraq onun əlində qalmasını təmin etmək məqsədi daşıyır. Serbiya bir tərəfdən Avropa İttifaqına üzv olmaq istəyir, digər tərəfdən isə Rusiya və Çin ilə sıx əlaqələrini qoruyur.

Son zamanlar Aİ ilə münasibətlərin kəskinləşməsi və Kosovanın müstəqilliyi məsələsində qərar vermək məcburiyyəti hökuməti manevr etməyə məcbur edir.

Növbədənkənar seçkilər hökumətə xarici təzyiqlər qarşısında zaman qazanmaq imkanı verir. Növbədənkənar seçkilər Serbiyada hakimiyyətin tez-tez istifadə etdiyi bir siyasi alətdir. Müxalifət hələ tam təşkilatlanmamış seçki keçirmək, hakim partiyaya öz inzibati və media resurslarından istifadə edərək daha rahat qələbə qazanmaq şansı yaradır.

25 oktyabr 2026-cı il tarixinə təyin edilmiş növbədənkənar parlament seçkilərinin nəticələri əsasən iki böyük siyasi qüvvənin mübarizəsindən asılı olacaq və ölkənin gələcək siyasi kursunu müəyyənləşdirəcək. Yuxarıda qeyd edildiyi kimi Vuçiç parlamentin buraxılması barədə fərman imzalayıb və bu seçkilərdə rəhbərlik etdiyi hakim Serbiya Tərəqqi Partiyasının baş nazir postuna namizədi kimi çıxış edir.

Mövcud şəraitə əsasən seçkilərin mümkün nəticələri və əsas ssenarilər aşağıdakı kimidir: Hakim Partiyanın qələbəsi və Vuçiçin Baş Nazir olması. Bu ən güclü ehtimallardan biridir. Aleksandr Vuçiç prezidentlik müddəti bitsə də partiyası qalib gələcəyi təqdirdə hökumət başçısı Baş nazir olaraq ölkədəki faktiki hakimiyyətini qoruyub saxlaya bilər. Bu ssenari Serbiyanın mövcud siyasi xəttinin - Rusiya və Çinlə sıx əlaqələr və eyni zamanda Aİ-yə inteqrasiya balansı davam etməsi deməkdir.

Son iki ildir Serbiyada güclü korrupsiya əleyhinə etirazlar keçirilir. Seçkilərdə hakim partiyanın əsas rəqibi bu etirazlardan doğan "Tələbə Siyahısı" blokudur. Müxalifət böyük səs çoxluğu qazanarsa, ölkədə 14 illik SNS hakimiyyətinə son qoyula və ya koalisiya hökuməti qurula bilər.

Səsvermənin yekun nəticəsinə birbaşa təsir edəcək amillər bunlardır. Novi Sad faciəsindən sonra cəmiyyətdə korrupsiya, səhlənkarlıq və media azadlıqlarının boğulması ilə bağlı yaranan kəskin narazılıq müxalifətin səslərini artıra bilər. Vuçiç hələ də ölkə daxilində ciddi dəstəyə malikdir və seçki kampaniyasını şəxsən idarə edir. Avropa İttifaqı Serbiyada demokratik geriləmə və Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarına görə Belqrada təzyiqləri artırıb.

Seçkinin nəticəsi Serbiyanın Qərbə, yoxsa Şərqə doğru meyil edəcəyini göstərəcək".

Cavid