“Azərbaycanla Ukrayna bir-birinə dəstək verməlidirlər” Siyasət

“Azərbaycanla Ukrayna bir-birinə dəstək verməlidirlər”

Ukrayna Donbasdakı separatizmə son qoymaq üçün BMT sülhməramlılarının Rusiya ilə sərhədə yerləşdirilməsini istəyir. Rusiya isə tam əskinə, həmin sülhməramlıların sərhədə deyil, Ukrayna ordusu ilə separatçılar arasındakı ayırıcı xəttə yerləşdirilməsinə çalışır.
Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi qeyd edib ki, bu iki yanaşma arasında ciddi fərq var:
"Ukrayna beynəlxalq sülhməramlı qüvvələrin sərhəddə yerləşdirilməsini iki səbəbdən istəyir. Birincisi, sülhməramlılar atəşkəsin separatçılar tərəfindən pozulmasına mane olmalıdırlar. İkincisi, sülhməramlılar sərhəddə yerləşməklə Rusiyanın sərhəddən separatçılara qeyri-qanuni hərbi yardımına mane olmalıdır. Rusiya isə beynəlxalq sülhməramlıların Ukrayna ordusu ilə separatçılar arasında yerləşdirilməsini münaqişəni uzun müddətə dondurmaq üçün istəyir".
Politoloq bildirib ki, Kiyevin əsas şərti Ukrayna ərazisində yerləşdiriləcək beynəlxalq sülhməramlıların tərkibində Rusiya hərbçilərinin olmamasıdır:
"Haqlı istəkdir. Çünki Rusiya Ukraynadakı münaqişədə əsas tərəfdir. Rusiya həm Krımı ilhaq edib, həm də Donbasdakı separatçılara hər cür dəstək verir. Eyni vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə də aiddir. Dağlıq Qarabağ münaqişəsinin həllinin sonrakı mərhələsində bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub. Həmin qüvvələr icmalar arasındakı mümkün toqquşmaların qarşısını almalıdırlar".
E.Şahinoğlu bildirib ki, Azərbaycan da Qarabağda yerləşdirilməsi planlaşdırılan sülhməramlıların tərkibində Rusiyanın olmasını istəmir:
"Bunun 4 vacib səbəbi var: Birincisi, SSRİ illərində Dağlıq Qarabağda hərbi baza erməni separatçılarını silahlandırıb. Separatçılar məhz həmin bazadan əldə etdikləri silah və hərbi texnikanın köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Bu yaxın tarixdir. İkincisi, Rusiya Ermənistanın hərbi müttəfiqidir.
Üçüncüsü, Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşsələr, bu bölgədən bir daha çıxmayacaqlar.
Dördüncüsü, "Atlas" Araşdırmalar Mərkəzinin keçirdiyi kiçik sorğudan da aydın olur ki, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinin əleyhinədir. Bu səbəbdən həm Donbas, həm də Dağlıq Qarabağda sülhməramlıların hansı əsasda formalaşması məsələsində Azərbaycanla Ukrayna bir-birinə dəstək verməlidirlər. Hər iki dövlət sülhməramlıların tərkibində neytral dövlətlərin təmsil olunmasını istəyir".