“Suriya və İraq silah tacirləri üçün uyğun bir bazardır” Siyasət

“Suriya və İraq silah tacirləri üçün uyğun bir bazardır”

"Ümumiyyətlə, Suriya, İraqda baş verən münaqişələrin tezliklə həll olunacağı haqqında proqnoz vermək çətindir. Çünki bunlar elə münaqişələrdir ki, görüntüdə başqa, məğzində isə tamam başqa məqamları əks etdirir". Bunu siyasi şərhçi Azər Həsrət deyib: "Birincisi, bu, silah tacirləri üçün uyğun bir bazardır. Yəni onlar istədikləri qədər kütləvi şəkildə silah sata bilirlər. İkincisi, islam aləminin daim gərginlik içində saxlanılmasını istəyən qüvvələr var. Üçüncüsü isə bu cür münaqişələri törədənlər təbiidir ki, həmin ölkələri daimi nəzarətdə saxlaya bilirlər. Yəni bütün bu amillər hazırda baş verməkdə olan münaqişənin tezliklə həll olunmayacağı haqqında proqnoz verməyə yetərlidir. Bu proqnoz təcrübədən çıxış edilərək verilən proqnozdur. Çünki biz Suriyaya qədər İraqı görmüşdük. O zamanlar da biz deyirdik ki, bu münaqişə tezliklə həll olunmayacaq. Doğurdan da təəssüflər olsun ki, İraqdakı münaqişə həllini tapa bilmir. Təbii ki, Suriyadakı münaqişə də o qəbildəndir. Burada bir tərəf hansısa formada münaqişəni həll etmək görüntüsü yaradırsa, digər tərəf də münaqişənin görüntüləndirilməsi üçün çalışır. Bildiyiniz ki, orada terrorçuların əksəriyyəti sərbəst şəkildə narkotiklərdən istifadə edirlər. Eyni zamanda nəzarətsiz ərazilər olduğuna görə, narkotiklərin əkilib-becərilməsi üçün də əlverişli şərait var".