“Ən mühüm məsələlər qeyri-rəsmi görüşlərdə müzakirə olunur” Siyasət

“Ən mühüm məsələlər qeyri-rəsmi görüşlərdə müzakirə olunur”

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının dekabrın 26-da Moskvada, Rusiya Prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən qeyri-rəsmi görüşü hansısa xüsusi anlaşmanın imzalanması və ya üzv dövlətləri narahat edən mövzunun müzakirəsi üçün planlaşdırılmamışdı.
Bu görüşü şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib. O qeyd edib ki, sadəcə, bu il Rusiyanın MDB-yə sədrliyi yekunlaşır, ona görə də gələcək planları müzakirə etmək üçün dövlət başçılarını Moskvaya dəvət ediblər:
"MDB amorf qurumdur. Bu qurum Rusiyaya və üzv dövlətlərə ona görə lazımdır ki, görüşüb fikir mübadiləsi aparsınlar. Bu təşkilat ciddi problemin həlli və ya inteqrasiya üçün nəzərdə tutulmayıb. MDB elə bu məkana aid olan Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatından geridə qalır. Bu illərdə bəlli səbəblərdən Ukrayna və Gürcüstan MDB-dən uzaqlaşdılar, Türkmənistanın dövlət başçısı illərdir toplantıların əksəriyyətində iştirak etmir. Elə dünənki görüşə də Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov qatılmayıb. Ümumiyyətlə, Türkmənistan həmin görüşdə hər hansı səviyyədə təmsil olunmadı. Azərbaycana isə MDB sadəcə, fikir mübadiləsinin həyata keçirildiyi müstəvi kimi lazımdır".
Millət vəkili Musa Qasımlı isə deyib ki, Azərbaycan Respublikasının çoxtəfəli formatda əməkdaşlıq etdiyi platformalardan biri, təcavüzkar Ermənistan istisna olmaqla, Müstəqil Dövlətlər Birliyidir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakı heç şübhəsiz, əhəmiyyətlidir: "Bu ölkələrin dövlət baçılarının müzakirə edəcəyi və həlli vacib olan məsələlər çoxdur. Bir qayda olaraq ən mühüm məsələlər qeyri-rəsmi görüşlərdə müzakirə olunur və həllinə dair qərarlar isə rəsmi görüşlərdə qəbul edilir"