Bodrumda Türk Zirvəsi Siyasət

Bodrumda Türk Zirvəsi

Dünən Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçirilib. Sammitdə Türkiyə prezidenti Abdulla Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, eləcə də adı çəkilən ölkələrin xarici işlər, mədəniyyət və turizm nazirləri iştirak ediblər.
Sammitdən öncə Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Türkmənistan prezidenti deyib ki, ölkələrin ikitərəfli münasibətləri durmadan genişlənir: "Bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Minnətdaram ki, Azərbaycan bizim təşəbbüslərimizi beynəlxalq təşkilatlarda həmişə dəstəkləyir. Enerji təhlükəsizliyi və nəqliyyat şəbəkələrinin daha da möhkəmləndirilməsi məsələlərində də bu dəstək hiss olunmaqdadır. Xüsusilə mötəbər beynəlxalq təşkilatlarda, həmçinin BMT-də Azərbaycanla Türkmənistan arasında mehriban qonşuluq və qardaşlıq münasibəti aşkar duyulmaqdadır.
Bizim xarici siyasət idarələrinin əməkdaşlığı da kifayət qədər qənaətbəxş inkişaf etməkdədir. Hər görüş zamanı məsləhətləşmələr ikitərəfli münasibətlərimizin tərəqqisinə yeni yollar açır. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.
Ticari-iqtisadi sahədə də münasibətlərimiz çox yaxşı inkişaf etməkdədir. Fərəhlidir ki, bu ilin birinci yarısında əmtəə dövriyyəsi yüksək səviyyədə olub. Bizim hökumətlərarası komissiya iqtisadi məsələlər üzrə məsləhətləşmələr aparır. Düşünürəm ki, əmtəə dövriyyəsini daha da artırmaq üçün yaxşı potensialımız var".
Azərbaycan prezidenti həmkarına deyib ki, Türkmənistanla siyasi münasibətləri daha da möhkəmləndirmək əzmindədir: "Bizim sizinlə görüşlərimiz, eləcə də xarici işlər nazirlərinin digər səviyyələrdə müntəzəm görüşləri münasibətlərimizin xarakterini bariz şəkildə göstərir. Bu, yaxın dostluq, qardaşlıq münasibətləridir. Biz bir-birimizə xeyirxahlıq, sülh arzulayırıq, bütün istiqamətlərdə əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik.
İqtisadi istiqamətdə də, əlbəttə ki, potensialımız böyükdür, əmtəə dövriyyəsi artır. Düşünürəm ki, gələcəkdə indiyədək istifadə olunmayan imkanları da işə salacağıq. Əlbəttə ki, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ölkələrimiz arasında paralel həllini tapır. Bu, ondan irəli gəlir ki, biz vəziyyəti düzgün qiymətləndiririk, ölkələrimizin inkişafını iqtisadiyyatın möhkəmləndirilməsində və regional əməkdaşlığı inkişaf etdirməkdə görürük".
Prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə də bir araya gəlib. Görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Dünən reallaşan Zirvə toplantısında dövlət başçılarını salamlayan Türkiyə prezidenti Abdulla Gül türkdilli dövlətlərlə əlaqələrin genişlənməsində bu təşkilatın böyük rolu olduğunu bildirib. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının zərurətdən doğduğunu deyib: "Aramızdakı əlaqələr bu qədər güclü olduğundan, işbirliyimizi ikitərəfli səviyyədə saxlaya bilməzdik. 2009-cu ildən bəri keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı türk xalqları arasında birlik və bərabərliyin simvoluna çevrilib. Məqsədimiz digər regional işbirliyi mexanizmlərini dəstəkləyəcək regional ortaqlıq qurmaqdır".
Toplantıda xalqlara faydalı olan bütün məsələləri əhatə edəcəklərini deyən Türkiyə prezidenti builki sammitin mövzusunun turizm olduğunu vurğulayıb.
O qeyd edib ki, təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələr də səmərəlidir və bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişafına xidmət edir. 2009-cu ildə Naxçıvan zirvə toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən dövrdə böyük inkişaf yolu keçdiyini deyən Abdulla Gül builki zirvə toplantısının mövzusunun turizmə həsr olunduğunu diqqətə çatdırıb, bu istiqamətin ölkələr arasında işbirliyinin genişlənməsində mühüm rol oynayacağını vurğulayıb.
Sonra prezidenti İlham Əliyev və digər dövlət başçıları da çıxış ediblər.
Zirvə toplantısının birgə bəyannaməsi, Türk Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərar imzalanıb. Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçilib. Türk Akademiyasının prezidenti vəzifəsinə isə Darxan Kıdırəli təyin olunub. Qurumda sədrlik Türkiyədən Qazaxıstana keçib.
Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işini başa çatdırıb.