“Musa Ozalkanın son sözləri bütövlükdə Türk dünyasına verilmiş bir mesajdır” Siyasət

“Musa Ozalkanın son sözləri bütövlükdə Türk dünyasına verilmiş bir mesajdır”

Aqil Camal: "Türkmanlar tarixən Azərbaycan türkləri ilə iç-içə olublar"

Azərbaycanda fəaliyyət göstərən "Ortaq Dəyərlər" İctimai Birliyi "Şəhid Musa Özalkanın vəsiyyətinə dəstək – Təlafər uşaqları üçün" adlı xeyriyyə marafonuna start verib. Bununla bağlı "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal açıqlamasında bildirib: "Minlərlə günahsız insanın qanının axdığı Orta Doğuda imperialist güclərin marağına xidmət edən terror qruplaşmaları bütün dünya üçün ciddi təhlükə mənbəyidir. Zaman-zaman erməni terrorundan və işğalından əziyyət çəkən xalqımız qardaş Türkiyəni və onun bu haqlı mübarizəsini tam dəstəkləyir və tezliklə "Zeytun Budağı" əməliyyatının qəhrəman Türk ordusu tərəfindən uğurla tamamlanacağına əmindir. "Zeytun Budağı" əməliyyatının gedişində şəhid olan qardaşımız Musa Özalkan ölümündən öncə sosial şəbəkədə paylaşdığı mesajında, "cəbhədə şəhid olaramsa, dövlətin ailəmə ayırdığı bütün təzminatın ağır durumda yaşayan Təlafər türkman uşaqlarına məktəb və ya uşaq bağçası inşa edilsin" vəsiyyəti ilə bütün insanlığa ibrət dərsi verdi. Bu bir daha onu göstərir ki, "Zeytun budağı" - Afrin əməliyyatı dünyanın və bölgənin bütün günahsız insanlarının əmin-amanlığına və Orta Doğuda sülhün bərqərar olunmasına yönəlib. Sözsüz ki, Orta Doğunun bütün xalqları biz azərbaycalılar üçün doğmadır, lakin bu bölgənin tarixi və daimi sakinlərindən olan türkmanların Türk dünyasında xüsusi yeri var".
A.Camal bildirib ki, şəhid Musa Ozalkanın son sözləri təkcə Türkiyə vətəndaşları üçün deyil, bütövlükdə Türk dünyasına verilmiş bir mesajdır: "Eyni zamanda, türkmanlar tarixən Azərbaycan türkləri ilə iç-içə olmuş, dili, adətləri, həyat tərzi ilə bizə ən yaxın olan toplumdur. Bu mənada biz "Ortaq Dəyərlər" İctimai Birliyi və digər bizi dəstəkləyən ictimai qurumlar şəhid Musa Özalkanın mesajına dəstək olaraq türkman qardaşlarımızın uşaqları üçün Təlafərdə məktəb və uşaq bağçasının inşa edilməsi ilə bağlı təşəbbüslərə qoşuluruq. Türk dünyasına, Türkman elinə, ağır durumda olan türkman bacı-qardaşlarımıza həssas yanaşan soydaşlarımızı başlatdığımız xeyriyyə marafonuna dəstək verməyə çağırırıq...".
Xatırladaq ki, Türkiyə Ordusu həayat keçirdiyi Afrin əməliyyatının gedişində şəhid düşmüş Musa Özalkan öz mesajında bəyan edib ki, əgər o döyüşdə şəhid olarsa, onun ailəsinə dövlət tərəfindən verilən imtiyazlar və maddi təzminatın İraqın Təlafər şəhərində ağır durumda yaşayan türkman uşaqlar üçün məktəb və ya uşaq bağçası tikilməsinə sərf edilsin.