“Vəkillik institunun nüfuzunun qaldırılmasına ciddi ehtiyac var” Siyasət

“Vəkillik institunun nüfuzunun qaldırılmasına ciddi ehtiyac var”

Qüdrət Həsənquliyev: "Düşünürəm ki, nəhayət müvafiq dövlət orqanları cənab prezidentin sərəncamını yerinə yetirəcəklər"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edib. BAXCP sədri ilk öncə millət vəkili Fəttah Heydərovu Prezident İlham Əliyev tərəfindən İstiqlal Ordeni ilə təltif olunması münasibətilə təbrik edib: "Oqtay müəllim mən təşəkkür edirəm ki, siz, cənab prezidentin hörmətli el ağsaqqalı, həmkarımız Fəttah müəllimlə bağlı sərəncamını xatırlatdınız. Amma digər hörmətli həmkarım Siyavuş Novruzov da prezidentin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan digər bir sərəncamı haqqında da danışdı. Bu da vəkillərlə bağlı cənab prezidentin imzaladığı sərəncamdır. Hamımız xatırlayırıq ki, dəfələrlə burada hörmətli millət vəkilləri məsələ qaldırmışdılar ki, ölkədə vəkillik institunun nüfuzunun qaldırılmasına ciddi ehtiyac var. Vəkillərimizin sayı azdır. Ümumiyyətlə ədalət mühakiməsini vəkillərsiz təsəvvür etmək mümkün deyil. Yəni ədalətin ortaya çıxması üçün məhkəmələrdə mütləq çəkişmə prinsipi təmin olunmalıdır və tərəflər bərabər əsaslarla, bərabər səviyyəli hüquqi müdafiə ilə təmin olunmalıdırlar. Əvvəllər də cənab prezident vəkillərlə bağlı sərəncam imzalamışdı". Millət vəkili əlavə etdi ki, Vəkillər Kollegiyasının yeni inzibati bina ilə təmin edilməsi haqda bir müddət əvvəl parlamentdə məsələ qaldırıb: "Ötən dəfə mən çıxışım zamanı xatırlatdım ki, cənab prezidentin vəkillərə bina ayrılması ilə bağlı sərəncamı uzun müddət idi ki, icra olunmurdu. Düşünürəm ki, bu sərəncamdan sonra nəhayət müvafiq dövlət orqanları cənab prezidentin bu sərəncamını yerinə yetirəcəklər. Vəkilliyə qəbulla bağlı mütəmadi olaraq prosedur həyata keçiriləcək. İlkin dövrdə suallar nisbətən sadələşdiriləcək ki, vəkillərin sayını Avropadakı minimum səviyyəyə çatdıra bilək. Bu Dövlət Quruculuğu və Hüquq Siyasəti Komitəsinin üzvü kimi məni ən çox narahat verən məsələlərdən biri idi. Cənab prezident həm də bizim çağırışları nəzərə alaraq və hüquqi islahatların dərinləşdirilməsi üçün bu addımı atıb. Buna görə mən öz minnətdarlığımı bildirirəm və düşünürəm ki, sadəcə biz də Milli Məclis olaraq vəkillik və vəkllik fəaliyyəti haqqında qanunu mütləq dəyişməliyik. Tezliklə bu qanun yenidən işlənməlidir və vəkillərin sübutların toplanması imkanları artırılmalıdır. Necə ki, prokurorluq, istintaq orqanlarının sübutlar toplamaq imkanları var, vəkillərin də bu imkanları yeni qanunvericiliklə genişləndirilməlidir".

Əli