“Azərbaycan Qarabağın itkisi ilə heç vaxt barışmayacaq“ Siyasət

“Azərbaycan Qarabağın itkisi ilə heç vaxt barışmayacaq“

"Ən gərgin və ən ağrılı məsələ odur ki, ermənilər yalnız Dağlıq Qarabağa nəzarət etmir. Ermənilər Dağlıq Qarabağa aid olmayan ətraf 7 rayonu da nəzarətdə saxlayır. Azərbaycan tərəfi yarım milyon azərbaycanlının yaşadığı və hazırda qaçqın vəziyyətinə düşdüyü bu ərazilərin itkisi ilə heç vaxt barışmayacaq".
Bu barədə "Exo Kavkaza"ya verdiyi müsahibədə, Qarabağ münaqişəsinin həlli perespektivindən danışarkən Karneqi fondunun baş elmi işçisi Tomas de Vaal bildirib.
Tomas de Vaalın fikrinə görə, münaqişəni indiki dövrlə müqayisədə 20 il əvvəl həll etmək daha asan idi: "Hərbi əməliyyatların yenidən başlanılması təhlükəsi daimi yüksək olaraq qalır. Lakin Azərbaycan və Ermənistan prezidentləri müharibə baş verməsini istəmirlər. Avropa ölkələri və ABŞ üçün isə hazırda Qafqazla müqayisədə daha aktual olan Suriya, İran, Şimali Koreya və Ukrayna problemləri mövcuddur. Lakin Qarabağ münaqişəsi dondurulmuş münaqişə olmadığına görə daim müharibənin yenidən başlanılması təhlükəsi var".
Tomas de Vaal bir müddət öncə yazdığı məqaləsində, Moskvanın heç vaxt münaqişəni idarə edən tərəf olmadığını bildirsə də, münaqişəyə daim təsir edən ən böyük xarici qüvvə olaraq qalmaqda davam etdiyini qeyd edib.