“Azəbaycanın İraq türkmənlərinin ürəyində özünəməxsus yeri var” Siyasət

“Azəbaycanın İraq türkmənlərinin ürəyində özünəməxsus yeri var”

Riyaz Sarıkahya: Sizli-bizli yaxşı bilirik ki, torpaqlarımıza göz dikənlər çoxdur"
"Xüsusilə də bu tamah ermənilərdə və onları müdafiə edənlərdə daha güclüdür"

İraqTürkməneli Partiyasının sədri Riyaz Sarıkahya 7 günlük Bakı səfərini başa vurub ölkəsinə gedib. Bakını tərk etməzdən bir gün öncə onunla söhbətləşdik. R.Sarıkahya Azərbaycanda bir sıra önəmli görüşlər keçirdiyini bildirib. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşünü isə xüsusilə qeyd edib. R.Sarıkahya bu görüşdən olduqca məmnun qaldığını deyib. Riyaz bəy Bakının gözəlliyinə, inkişaf və böyüdüyünə vurğunluğunu qeyd edib. Azərbaycan xalqının qonaqpərvər olduğunu da vurğulayıb:
"Bakı Bağdaddan, hətta Ankaradan da üstün inkişaf edib. Şəhər çox təmizdir, yaşıllıqları, hündür göydələnləri, park və bulvarı ilə heyran etdi məni. Belə deyərdim: Bakının timsalında ən inkişaf etmiş Avropa şəhərini gördüm və bu məni qürurlandırdı. Azərbaycan xalqı oxumağa, yenilikləri mənimsəməyə çox həvəslidir. Düzdür, bəzən dünyanın fərqli mədəniyyətlərindən mənfi təsirə də məruz qalmaq olar, amma əminəm ki, Azərbaycan xalqı onları böyük məharətlə özünə yaxın buraxmayacaq. Mən Azərbaycan xalqına cəmiyyətin əsasını təşkil edən ailə bağlarının möhkəm olmasını arzu edirəm. Bizim İraqda evlənən hər üç cütlükdən biri müəyyən vaxt sonra ayrılır. Çox istərdim xalqınız bu kimi mənfi halları ailə mədəniyyətinə yaxın buraxmasın. Azərbaycan insanları hansı millət dostudur, hansı düşməni, yaxşı bilir. Azərbaycanlılar bu gün təkcə Azərbaycanda deyil, Gürcüstanda, Türkiyədə, İraqda yaşayır, İran əhalisinin böyük hissəsi azərbaycanlılardır və onların hamısı bilir ki, torpaqlarına göz dikənlər çoxdur. Amma gələcəkdə daha böyük Azərbaycanın qurulması arzusu insanlara ümid verməkdədir. Öz millətimlə görüşməkdən olduqca məmnunam. İnsanlarla söhbət elədim, hamıdan sevgi, hörmət gördüm. Burada ilk dəfə görüşdüyüm adamlar elə bil otuz ildir məni tanıyırlarmış kimi davranırdılar. Gördüm ki, burdakı insanlarla biz türkmənlərin düşüncəsi təxminən eynidir. Ən əsası odur ki, həm türkmənlər, həm də azərbaycanlılar özlərini türk millətinin bir parçası hesab edir və hər ikisi Türkiyəyə sevgiylə yanaşır. Hər iki xalq zorakılığa, ədavətə qarşıdır, istənilən problemin sülh yoluyla həllinə çalışır, öz şanlı tarixini unutmur və keçmişinə dönüşü dəstəkləyir. Azərbaycan son bir neçə onillər ərzində xeyli əziyyət çəkib, müharibə yaşayıb, sosial sıxıntısı olub, amma bütün bunların qarşısında onların daxili şuxluqları, insanlara sevgisi və mərhəmət hissi dəyişməyib. İraqda isə Səddam dönəmində ölkə daxilində sərt siyasət yürüdülüb, daha sonra xalq İranla, Küveytlə müharibəyə sürüklənib, məlum terrorlar törədilib və sair. Ona görə də bütün bunlar insanların bir-birilərinə münasibətində müəyyən sərtləşmə yaradıb. Şükür ki, bu cür hallar Azərbaycanda yoxdur və buna görə şadam. İraqdan fərqli olaraq Azərbaycanda sənətə, musiqiyə, milli mədəniyyətin inkişafına çox böyük yer verilir ki, bu da Azərbaycan dövlətinin və xalqının uğurudur. Əlbəttə, müəyyən problemlər də var, nə olsun, problemlər Avropada da var, Amerikada da, hər yerdə var – bunsuz inkişaf olmaz. Amma bu çətinlikləri sırf siyasi yolla, hökumət daxilində həll etmək qərarı alan Azərbaycanın seçimi ən doğru yoldur. Tam əminəm ki, Azərbaycanın gələcəyi çox parlaq olacaq".
R.Sarıkahya onu da bildirib ki, Azəbaycanın İraq türkmənlərinin ürəyində özünəməxsus yeri var. Çünki azərbaycanlılarla türkmənlər eyni dildə danışır, eyni mədəniyyəti-məişəti bölüşür. Bizim Özbəkistan və Türkmənistanla mədəniyyətimizdə müəyyən fərqlər ola bilər, amma bunu Azərbaycan üçün demək olmaz. Elə bu səbəbdən də biz türkmən xalqı olaraq özümüzü Azərbaycanın bir parçası olaraq görürük.
R.Sarıkahya Səddam Hüseynin vaxtında imkan tapıb Azərbaycana gələ bilmədiklərini də deyib: "Çünki türkmən xalqı onun hakimiyyətinə qarşı müxalif mövqe sərgiləyərdi. Türkmənlər tez-tez toplantılar keçirib onun siyasətini müzakirə edirdi. Bu səbəbdən də bizlərə ölkədən çıxmağa qadağalar qoyulurdu. Sonra da, bildiyiniz kimi, Amerikanın İraqda və xüsusilə türkmənlərə qarşı fəaliyyəti, İŞİD-in, kürd partiyalarının bizə qarşı mövqeyi sərt olub, yolumuzda maneələr yaradıb. Amma şükürlər olsun ki, Bakını görmək fürsəti yarandı".
Türkmən qardaşımız türk dövlətlərinin birliyinin, həmrəyliyinin vacibliyinə də toxunub. Qeyd edib ki, türk dövlətləri öz sərhədlərini və bayraqlarını saxlamaqla mütləq Türk Dövlətləri Birliyini yaratmalıdır: "Necə ki, Avropanın çox sayda ölkəsi Avropa İttifaqını təsis edib. Bu Birlik daxilində insanların sərbəst hərəkətini təmin edəcək. Yəni özbəkistanlı Azərbaycana, azərbaycanlı Qazaxıstana və sair sərbəst gedib-gələ bilsin və sair. Əlbəttə, bu bizim arzumuzdur. İllərlə türk ölkələri arasında divarlar hördülər, eyni millətin övladlarını bir-birinə yadlaşdırdılar. Bu gün Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda siyasətçilər bir-birilərini rusca danışmaqla anlaya bilirlər. Bu səbəbdən də mütləq ortaq ünsiyyət dili tapılmalıdır. Necə ki, bunu ərəb ölkələri edir. Məsələn, İraq ərəbləri ilə Tunis ərəbləri eyni millət olsalar da, bir-birilərini anlamayacaq dərəcədə fərqli şivədə danışırlar. Ona görə də bu gün ərəb dünyasının siyasətçiləri ortaq anlaşma vasitəsi kimi Quran ağzı ilə danışırlar. Bu, ərəb dünyasını birləşdirən başlıca ünsiyyət formasıdır. Hesab edirəm ki, türk ziyalılar toplaşıb türkdilli ölkələrin xalqları arasında ortaq ünsiyyət formasını tapmalıdırlar".
Partiya sədri İraq siyasilərinin Azərbaycandakı həmkarları ilə əməkdaşlıq etmək istədiklərini deyib. Onun sözlərinə görə, İraqdakı bütün türkmən partiyaları çox istəyir ki, Azərbaycandakı qardaş partiyalarla əməkdaşlıq eləsinlər: "Bizim də Azərbaycana səfərimiz zamanı Liberal Demokrat Partiyasının sədri cənab Fuad Əliyevlə görüşmək imkanımız oldu. Çox məhsuldar keçdi görüşümüz, iki partiya arasında əməkdaşlıq barədə müqavilə imzaladıq. Bundan sonra çalışacağıq ki, iki partiya bir-birinin təcrübəsindən faydalansın, məlumat mübadiləsi eləsin və sair. Hesab edirəm partiyalarımız arasındakı əməkdaşlıq hər iki ölkənin və xalqın mənafeyinə tam uyğundur. Burada olduğumuz müddətdə əlavə olaraq Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə və sair görüşlərimiz oldu ki, hər biri çox faydalı keçdi. Onu da deyim ki, görüşdüyüm partiyalarda gənclik qollarının üzvlərini görüb, sevindim. Bilirsiniz, pulu-parası olan, zəngin ölkələr deyil, yaxşı siyasət yürüdən ölkələr qazanır həmişə. Məsələn, bəzi Körfəz ölkələri çox varlıdırlar, amma düzgün siyasət yürüdə bilmədikləri üçün Avropa dövlətləri tərəfindən istismar olunurlar. Partiyalar tətbiqi siyasətin mərkəzidir, necə siyasət yürütməyi məhz onlar öyrədir. Yetər ki, onlar ölkənin milli maraqları məsələsində birgə olsunlar. İnşallah, gələcəkdə İraqdakı altı türkmən partiyası var ki, onların nümayəndələri də Bakıya gələrək, əməkdaşlıq edərlər".
Türkməneli Partiyasının sədri ermənilərin azərbaycanılara qarşı soyqırım faktlarından geniş bilgiyə malik olduqlarını və hər zaman azərbaycanlıların dərdinə şərik çıxdıqlarını qeyd edib: "Söz yox ki, Azərbaycanın dərdi İraq türkmənlərinin də dərdidir. Biz ötən il Kərkükdə Xocalı soyqırımın anım günü xüsusi tədbirlərlə keçirdik. Sizli-bizli yaxşı bilirik ki, torpaqlarımıza göz dikənlər çoxdur. Xüsusilə də bu tamah ermənilərdə və onları müdafiə edənlərdə daha güclüdür. Əlbəttə, ermənilərin ağlı olsa işğal etdikləri torpaqları azad edər, azərbaycanlı qardaşlarımızla eyni coğrafiyada sülh, əminamanlıq içində yaşayıb, inkişaf edə bilərlər. Nəzərə alaq ki, 150 il əvvəl bu bölgədə ermənilər çox az sayda olub, amma sonradan rusların himayəsində özlərinə dövlət qurublar. Amma bu uzun müddət davam edə bilməz. Nə vaxtsa ermənilər Azərbaycan torpaqlarından çıxmalıdırlar. Şəhidlər Xiyabanına getdim, vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhuna fatihə oxudum. Allah hamısına rəhmət eləsin. Şəxsən mən onların qanlı, amma şərəfli tarixi ilə efirdə yayımlanan filmlərdən tanış olmuşam. Bu günlərdə isə Bakının ən yüksək yerində salınmış xiyabanda bu hisləri yaşadım. Allah bir də xalqımıza şəhid vermək talehini yaşatmasın".
Partiya sədri İraqda may ayında keçiriləcək parlament seçkilərinə də toxunub. Qeyd edib ki, seçki mədəniyyəti İraqa Səddam devriləndən sonra gəldiyi üçün hələ oturuşmayıb: "İraqda partiyaların fəaliyyətində problemlər var, yəni onlar birrənglidir. Məsələn, İraqda partiyalar sadəcə şiədir, sünnidir, kürddür, türkməndir və sair. Bu da ölkənin demokratik infrastrukturunu zədələyir. Səddam vaxtı olmayan demokratiyanı o devriləndən sonra qazanacağımıza ümid edirdik. Amma təəssüf ki, Səddam devriləndən sonrakı 15 il ərzində problemlər azalmaqdansa, daha da artıb. Bu səbəbdən də seçkidən gözləntilər ölkə miqyasında zəifdir. Amma bunlar biz türkmənlərin baxışlarında fərqlidir. Niyə, ona görə ki, bizim milli haqlarımız da var. Yəni həm parlamentdə kürsü qazanmaq, həm də dolayısıyla milli haqlarımızı əldə etmək baxımından bu seçkilər türkmənlər üçün həyati əhəmiyyətlidir".
R.Sarıkahya onu da qeyd edib ki, indiki parlamendə türkmən millət vəkillərinin sayı 10-dur və düşünürəm bu dəfə həmin sayı 15-ə qaldırmaq olar. Amma bu azdır - hədəfimiz türkmən millət vəkillərinin sayını 40-a qaldırmaqdır. Çünki Türkməneli bölgəsinin əsas xalqı türkmənlərdir. Bu gün İraq parlamentində 360 millət vəkili var. Əhalinin sayına görə bölsək, türkmənlərin 40 millət vəkili ilə təmsil olunması normaldır. Ancaq seçki ərəfəsi olsa da, problemlərimiz var. İŞİD təhlükəsindən canlarını götürüb qaçan türkmənlər İraqın hər tərəfinə yayılıblar. Hətta bir neçə yüz min türkmən Türkiyədə məskunlaşıb. Onların daha əvvəldən evlərinə qaytarılması lazım idi ki, bu baş vermədi. Ona görə də türkmənlərin seçkidə iştirak faizi çox aşağı olacaq".
Cavid