Azərbaycan və Moldova prezidentləri arasında görüş keçirilib Siyasət

Azərbaycan və Moldova prezidentləri arasında görüş keçirilib

Prezident İlham Əliyev martın 15-də Moldova Respublikasının prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Moldova prezidentinin VI Qlobal Bakı Forumunda iştirakının önəminə diqqət çəkib. O, İ. Dodonun Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların artıq həyata keçirildiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyevölkələr arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyib və gələcəkdə siyasi, iqtisadi, humanitar, investisiya və digər sahələrdə birgə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsinin önəmini qeyd edib.
İqor Dodon isə VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirib. Tədbirin önəmini qeyd edən Moldova prezidenti Forumda ölkəsinin ilk dəfə təmsil olunmasını məmnunluqla vurğulayıb. Ölkələr arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu deyən qonaq yaxın zamanlarda hökumətlərarası komissiyanın fəaliyyətə başlayacağına ümidvar olduğunu söyləyib. Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan İqor Dodon bu səfər zamanı keçirilən görüşlərin artıq nəticələr verdiyini təkrarlayıb. O, bir neçə gün bundan əvvəl Qaqauziyada Heydər Əliyev Fondunun nümayəndələri ilə birlikdə mühüm sosial layihənin təməlinin qoyulması mərasimində özünün şəxsən iştirak etdiyini də deyib.
Prezident İqor Dodon əlaqələrin möhkəmlənməsi işində Moldovada fəaliyyət göstərən Azərbaycan diasporunun rolunu xüsusi qeyd edib.