Azərbaycan Prezidenti and içdi Siyasət

Azərbaycan Prezidenti and içdi

"Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağam, xalqa ləyaqətlə xidmət edəcəyəm"

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.
Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşüb.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:
- Hörmətli xanımlar və cənablar.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.
Azərbaycan Respublikasının prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib:
- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.

"Namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq "

"Mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqıma dərin təşəkkürümü bildirmək istəyirəm"-deyən dövlət başçısı bildirib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm: "Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm".
"Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub"-deyən Azərbaycan prezidenti qeyd edib:"Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir".
"Son 15 ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur"-deyən İlham Əliyev vurğulayıb ki, prezident seçkiləri kampaniyası bunu bir daha göstərir: "Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq, dəyərli təkliflər nəzərə alınacaq ".
"Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur"-deyən dövlət başçısı bildirib:"Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və bu da tarixin zibilxanasıdır. Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz".
"Bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq və gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaq"-deyən prezident qeyd edib ki, Azərbaycan son 15 il ərzində uğurla inkişaf edib: "Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşir və ölkəmiz çox uğurla inkişaf edir".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır: "Azərbaycanda yaşayan bütün dinlərin, xalqların nümayəndələri mehribanlıq şəraitində bir ailə kimi yaşayır və bundan sonra da yaşayacaq. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək. Azərbaycan ölkə daxilində dinlərarası və millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub. Biz son 15 il ərzində dünyaya bunu nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək. Ona görə ki, dünyada da müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 ildə dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edir. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir. Başqa dinlərin, millətlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və ona bağlıyıq. Təsadüfi deyil ki, 2016 və 2017-ci illər Azərbaycanda "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri kimi elan olunub".

"Biz dünya birliyinə onu da çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 ildə bir sıra mötəbər təşkilatlar tərəfindən münaqişə ilə bağlı bizim təklifi qəbul edilərək, önəmli qətnamələr qəbul edilib. Bu qətnamələrdə göstərilib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır"-deyən İlham Əliyev vurğulayıb ki, Azərbaycan son 15 ildə Ermənistanın işğalçı siyasətini ifşa edib, Azərbaycanın səyləri nəticəsində Ermənistan bır çox regional layihədən təcrid olunub: "BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişənin həlli üçün əsas hüquqi bazadır və biz haqlı olduğumuzu dünyaya bir daha sübut edə bilmişik. Erməni lobbi təşkilatları Azərbaycana qarşı kampaniyalar aparsa da, bu, beynəlxalq qərarlara təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma Dağlıq Qarabağı heç kim tanımır və tanımayacaq. Orda keçirilən referendumu qonşu ölkələr və beynəlxalq təşkilatlar pislədi. Biz dünya birliyinə onu da çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır. Bunu təsdiqləyən sübutlar var. Biz bir neçə deportasiyaya məruz qalmışıq və bunu dünyaya çatdırmalıyıq.
Hazırda apardığımız siyasəti davam etdirəcəyik və istəyimizə nail olacaq. Bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan vermərik ki, ikinci qondarma erməni dövləti yaradılsın. Münaqişənin həlli ilə bağlı bizim prinsipal mövqeyimiz Azərbaycan xalqı tərəfindən də dəstəklənir. Gələcək illərdə gücümüz daha da artacaq".
İlham Əliyev qeyd edib ki, bir çox halda beynəlxalq hüquq normaları işləmir, kim güclüdürsə, o haqlı olur: "Bunu yaxşı bilirik. Artıq güc amili önəm qazanıb. Bu reallıqdır və biz reallıqla hesablaşmalıyıq. Bu, bir daha göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir".
"Bəzi hallarda bizi tənqid edirdilər ki, ordu quruculuğu ilə bağlı niyə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq"-deyən dövlət başçısı bildirib ki, bu gün Azərbaycan ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır: "Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, bizim böyük qələbəmizdir. Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Biz minlərlə hektar torpağa nəzarət edirik, bu torpaqlara həyat qayıdır. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır. Bu torpaqlarda yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq".
Prezident İlham Əliyev bildirib ki, Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib: "Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, ruhlandırır".
"Azərbaycan son 15 ildə beynəlxalq aləmdə çox böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqeyimiz möhkəmlənir"-deyən İ. Əliyev bildirib ki, dünya birliyinin Azərbaycana böyük rəğbəti var: " Əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Bunun ən bariz sübutu isə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olub. Bu gənc dövlət üçün çox böyük bir nailiyyətdir. Dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir".
İ. Əliyevin sözlərinə görə, Azərbaycan son 15 ildə qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bilib və ikitərəfli münasibətlər indi ən yüksək səviyyədədir: "Qonşu dövlətlərlə heç bir problemimiz yoxdur. Bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Bu da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıb və bu işlək formatlardır. Bu yaxşı münasibətlər regionda sabitliyə öz müsbət təsirini göstərir. Biz beynəlxalq təşkilatlar çərçivəsində çox fəalıq və fəal işləməyə də davam edəcəyik".
"Erməni vandallar, Ermənistan rəhbərliyi bizim tariximizə qarşı da soyqırımı törədib, məscidlərimizi dağıdıblar. Amma onlar başa düşmürlər ki, dağılmış məscidləri qəlbimizdə yaşadırıq"-deyən bildirib ki, dağıdılmış məscidləri qəlbimizdə ucaltmışıq: "Torpaqlarımız işğaldan azad ediləndən sonra erməni vandalları tərəfindən dağıdılmış Şuşa məscidinin oxşarını Cocuq Mərcanlıda tikdik. Bu gün o torpaqlarda insanlarımız ibadət edə bilərlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq".

"Çox ciddi islahatlar aparacağıq"

"Növbəti illərdə çox ciddi islahatlar aparacağıq və əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq"-deyən İlham Əliyev söyləyib ki, Azərbaycan yoxsulluğa qarşı mübarizədə çox böyük uğurlara imza atıb: "Yoxsulluq 50%-dən 5,4 faizə düşüb. Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Baxmayaraq ki, son 15 ildə əhalinin sayı 1,5 milyon artıb, iş yerləri də təxminən o səviyyədə artıb. İş yerlərinin yaradılması məsələsini daim diqqətdə saxlayacağıq. Yeni iş yerlərinin yaradılması üçün daha çevik siyasət aparmalıyıq".
Prezident qeyd edib ki, son 15 ildə sosial məsələlərin həllinə xüsusi diqqət yetirilib: "Maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. Ümumiyyətlə, sosial siyasət daim diqqət mərkəzindədir. Bir də demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, rifahı daim diqqət mərkəzində olacaq".
Məcburi köçkünlərlə bağlı məsələyə toxunan dövlət başçısı bildirib ki, onlarla bağlı məsələləri unutmayacağıq və bu məsələlər həmişə uğurla həll edilir: " Məcburi köçkünlər üçün100-ə yaxın qəsəbə salınıb. 280 -290 min məcburi köçkün yeni evlərlə təmin edilib. Bundan sonra da bu istiqamətdə səylər davam etdiriləcək. Məcburi köçkünlərin məişət problemləri, məşğulluq məsələləri daim diqqət mərkəzindədir və gələcəkdə də bu yolda addımlar atılacaq"
"Azərbaycanda mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin"-deyən İlham Əliyevin sözlərinə görə, nəzərə alınmalıdır ki, indi dünyada və Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan qaldırır: "Yeni texnologi müəssisələrin yaradılması bizim planlarımıza daxildir. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq".

"Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər"

Prezident qeyd edib ki, Azərbaycan son illər ərzində intellektual məhsulun ixracatçısına çevrilib: "Asan Xidmət" artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir, çünki insanlara xidmət göstərir. 13 "Asan Xidmət" mərkəzimiz var, bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər 20-ə çatacaq. İndiyə qədər "Asan Xidmət" mərkəzlərində 20 milyona qədər müraciətə baxılıb. "Asan Xidmət" mərkəzlərində xidmətləri bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq. Həm inzibati, cəza tədbirləri, həm də ən böyük effekt verən sistem xarakterli, institusional tədbirlər görülür. "Asan Xidmət" onlar arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk".
"Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər"-deyən dövlət başçısı bildirib ki, əgər sən kimdənsə asılısınsa - ya kreditdən, ya da başqa dövlətdən - heç vaxt sözün əsl mənasında müsəqil siyasət aparmaq iqtidarında olmayacaqsan: "Ona görə də, biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq . İndi heç bir kreditə möhtac deyilik. Biz özümüz kreditlər veririk. Dövlət borcumuz Ümumi Daxili Məhsulun 20 faizini təşkil edir. Qarşıma vəzifə qoymuşam ki, dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq".
Azərbaycan iqtisadiyyatının son 15 ildə 3,2 dəfə artdığını söyləyən prezident qeyd edib ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur: "Qeyri-neft ixracatımız 4 dəfədən çox artıb. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi var. Xarici, yerli sərmayələr bundan sonra da qoyulacaq".
Prezident İlham Əliyev xatırladıb ki, Davos İqtisadi Forumu rəqabət qabiliyyətinə görə Azərbaycanı 35-ci yerə layiq görüb: "İnkişafda olan ölkələr arasında inkişaf indeksinə görə 3-cü yerdəyik. Bu, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da ən az itkilərlə bu böhranlardan çıxa bilmişik. İqtisadi sabitlik, maliyyə sabitliyi həm investisiya iqliminə, həm də biznes mühitinə müsbət təsir göstərir. Gələcək illərdə biznes mühitinin inkişafı üçün əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadiyyatda tam şəffaflıq təmin edilməlidir. Xoşagəlməz hallara son qoyulmalıdır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı təmin olunub. Növbəti illərdə çalışmalıyıq ki, iqtisadiyyatımız dayanıqlı şəkildə inkişaf etsin və neft-qaz amilindən asılılığı azaldaq".
"Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur"-deyən dövlət başçısı bildirib ki, Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir: "Bu onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcək".

"Avrasiyanın enerji xəritəsini dəyişdirmişik"

Prezident qeyd edib ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir: "Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhanneft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçib. Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. "Cənub Qaz Dəhlizi" layihələrinin üçü - "Şahdəniz-2", "Cənubi Qafqaz Kəməri" və TANAPbu il istifadəyə veriləcək".
Dövlət başçısı nəzərə çatdırıb ki, biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik: "Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində "Azəri-Çıraq-Günəşli" yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olub və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək".
"Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilmişik, böyük infrastruktur layihələri icra edilib"-deyən prezident bildirib ki, son 15 ildə 30-dan çox elektrik stansiyası tikilib: "Onların generasiya gücü 3900 meqavata bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, bizim indi ümumi generasiya gücümüz təqribən 6,5 min meqavata bərabərdir. Onun 3,9 min meqavatını biz 15 ildə yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib".
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq: "Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq".
Dövlət başçısı nəzərə çatdırıb ki, əgər 2004-cü ilin əvvəlindən hesablasaq, bu ilin sonuna qədər ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmiş olacaq: "Bu proses bundan sonrakı illərdə də davam edəcək. Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamətdə artıq böyük işlər görülüb".
Prezident İlham Əliyev qeyd edib ki, 2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi: "O vaxt Bakı sakinlərinin 29 faizi davamlı təmiz içməli su ilə təmin olunurdu. Bu gün bu rəqəm 81 faizə çatıb. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, hazırda bu rəqəm 67 faizə çatıb. Bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri biz başa çatdıracağıq. Bütün şəhərlərdə, bütün kəndlərdə insanlar təmiz içməli su ilə təmin olunmalıdırlar. Bizim proqramlarımızda bu var. Bu da infrastruktur layihələri arasında xüsusi yer tutan sahədir".