“Aprel şəkilləri“ sənədli filminin təqdimatı olub Siyasət

“Aprel şəkilləri“ sənədli filminin təqdimatı olub

Aprelin 27-də Beynəlxalq Mətbuat Mərkəzində "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən "Aprel şəkilləri" sənədli filminin təqdimatı olub.
Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu" Şirkətlər Qrupunun dəstəyi ilə çəkilən filmin təqdimat mərasimində aprel şəhidlərinin ailə üzvləri, Milli Məclisin deputatları, KİV nümayəndələri iştirak ediblər.
Filmin baş məsləhətçisi, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ssenari müəllifi Bəxtiyar Qaraca, rejissorları Kəmalə Mirzəyeva və Nuranə İsmayıldır. Bakıda və Kürdəmir rayonunda çəkilən filmdə Aprel döyüşlərində şəhid olan və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilən pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovdan bəhs edilir.
Tədbirdə çıxış edən Əflatun Amaşov Aprel döyüşlərinin Azərbaycan xalqının qələbə inamının özünə qayıtmasında böyük rol oynadığını, düşmən üzərində böyük hərbi, psixoloji qələbə qazanıldığını bildirib: "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən 3 sənədli film çəkiləcək. "Aprel şəkilləri" sənədli filmi bu silsilədən birinci filmdir. Növbəti film Aprel döyüşlərində şəhid olan və "İgidliyə görə" medalı ilə təltif edilən polkovnik-leytenant Raquf Orucova həsr ediləcək "Briqada komandiri" sənədli filmi olacaq".
Sonra "Aprel şəkilləri" sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva şəhidlərimizlə qürur duyduğumuzu vurğulayıb: "Şəhidlər seçilənlərdir, Allah onları seçib. Aprel döyüşləri zamanı dövlət və xalqın birliyi bir daha ortaya qoyuldu".
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları çıxışlarında Aprel döyüşlərinin hərb tariximizdən şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.