Milli Məclisin xüsusi iclası keçirilib Siyasət

Milli Məclisin xüsusi iclası keçirilib

Oqtay Əsədov: "Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir"

Milli Məclisin xüsusi iclası keçirilib. İclasa Milli Məclisin spikeri Oqtay Əsədov sədrlik edib. O bildirib ki, parlamentin iclası Heydər Əliyevin 95 illik yubileyi ilə bağlıdır.
Spiker Oqtay Əsədov deyib ki, 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir. Spiker bildirib ki, hər iki dövrdə Heydər Əliyevin yüksək idarəçiliyi sayəsində Azərbaycan ən mühüm inkişaf yolunu keçib: "Ulu öndər müstəqillik yollarında maneələri qabaqcadan görür, onların aradan qaldırılması istiqamətində mühüm addımlar atırdı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilib, xalqın mənafeyinin müdafiəsi üçün əsaslar genişləndirilmişdi".
O bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib: "İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. Ulu öndər Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edib. O, ölkəmizə qarşı düşmənçilik mövqe tutanlara qarşı ən böyük maneə idi".
Oqtay Əsədov söyləyib ki, Heydər Əliyevin Sovet hakimiyyətindən vəzifədən uzaqlaşdırılması Azərbaycana qarşı hazırlanan məkrli planın ilk addımı idi.
Spiker deyib ki, 1990-ci illərin əvvələrində Azərbaycanda hakimiyyətin səriştəsizliyi Azərbaycanı uçuruma sürükləyirdi: "Lakin ümumilli liderin fəaliyyəti nəticəsində Azərbaycan üçün hazırlanan ssenari həyata keçmədi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycanın müasir müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Ulu öndərin böyük siyasətə qayıdışı onun Ali Sovetə sədr seçilməsi ilə başlandı. Ölkənin ictimai siyasi həyatı üçün çox böyük əhəmiyyət olan bir sıra qərarlar qəbul edib.1993-2003-cü illərdə onun həyata keçirdiyi işlər öz miqyasına görə, insanı heyrətə gətirir. Ulu öndər Azərbaycanda böhranın qarşısını almaqla yanaşı, vətəndaş müharibəsinin də qarşısını almış oldu. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sülh danışıqlarına başlanıldı, ölkə daxilində ictimai siyasi sabitlik təmin olundu. Neft strategiyasının həyata keçirilməsi üçün şərait yaradıldı, Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Neft sənayesinin dirçəlməsi, qeyri-neft sektorunun inklişafına şərait yaratdı. Bazar iqtisadiyyatı bərqərar oldu. Ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoydu, dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri quruldu".
Heydər Əliyevin hakimiyyəti dövründə mühüm islahatların həyata keçirildiyini deyən Oqtay Əsədov söyləyib ki, görülən işlər nəticəsində Azərbaycanın dünyada nüfuzu artmağa başladı: "Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın inkişafı üçün lazımi tədbirlər görüldü. Azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünya Azərbaycanlıların Qurultaylarının keçirilməsi ənənə halını aldı. Ümummilli lider hakimiyyətdə olduğu dövrdə parlamentə də böyük diqqət göstərib. Milli Məclis ulu öndərin təşəbbüsü ilə çoxlu sayda qanunvericilik aktlarını qəbul edib".
Spiker qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə hüquqi-demokratik dövlət quruculuğu üçün bütün əsaslar yaradılıb: "Bu siyasi kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ".
Oqtay Əsədov bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməz və unudulmazdır. "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün bölgədə və dünyada söz sahibidir. Dövlət başçısının dediyi kimi, Azərbaycan bu gün tam mənada müstəqil siyasət aparır, öz siyasətində yalnız Azərbaycan xalqına arxalanır".
Milli Məclisin sədri qeyd edib ki, parlament müasir Azərbaycanda xalqın suveren hüquqlarını müdafiə edən orqandır. "Heydər Əliyevdən güc almış inkişaf strategiyası prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da gözəl günlərə yaşamasında əsas rol oynayacaq".
Məlumata görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoydu. Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Ziyafət Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söyləyib.
Ziyafət Əsgərov onu da vurğulayıb ki, bu gün prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir: "İqtisadi inkişaf üçün hüquqi baza və islahatlar əlverişli biznes mühiti yaradır. Demokratik sistemin aliliyini təmin edən ölkələr daha sürətli inkişafa nail olur. İqtisadi inkişafı hüquqi islahatlarla birlikdə həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyduqda həmin ölkələrdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur".
O qeyd edib ki, dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra əldə edilən iqtisadi uğurlar beynəlxalq qiymətləndirmələrlə təsdiq edilib: "Yoxsulluq səviyyəsinin azaldılması, təhsil və səhiyyə islahatları əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Bu inkişafı şərtləndirən amillər Prezident İlham Əliyevin islahatlar konsepsiyasının tərkib hissəsi olub. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək məhkəmə inzibati idarəçilik və kadr islahatları həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyəti illərində məhkəmə sistemi daha da təkmilləşdirildi. İqtisadi fəaliyyətin subyektləri ilə cəmiyyətin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də, onu qorumaq heç də asan deyil".
Ziyafət Əsgərovun sözlərinə görə, Heydər Əliyev tərəfindən ordu quruculuğunda həyata keçirilən tədbirlər bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla xalqımıza özünəəminlik hissi verir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf edən, demokratikləşən və yeniləşən ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bir sıra siyasi dairələr və onların maraqlarına xidmət edən təşkilatlar, antimilli ünsürlər tərəfindən aparılan qara piara baxmayaraq, Azərbaycan tam müstəqil siyasət yeridən ölkə olduğunu nümayiş etdirir".
Deputat Zahid Oruc vurğulayıb ki, Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətərin yalnız doğum günü var: "Çünki, belə şəxslər ölmür".
Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Heydər Əliyevin 95 illik yubileyi bir-birinə bağlıdır: "Əgər ulu öndər Azərbaycanı xilas etməsəydi, bu gün AXC-nin 100 illiyindən danışa bilməzdik. Ulu öndər Heydər Əliyev milləti xilas edib. Bu doğrudur. Amma biz minlərlə insan tanıyırıq. Onlarla söhbətdə anlayırıq ki, ümummilli lider həmin şəxslərin şəxsi həyatında iştirak edib".
Zahid Oruc qeyd edib ki, Heydər Əliyev öz sistemi olan adam idi: "Ümummilli liderin yolu nə vaxt qırıldısa, Azərbaycan bunda əziyyət çəkdi. Bu, ulu öndərin hakimiyyədən gedişi və yenidən qayıdışı dövrünə təsadüf edir. Gələcəkdə də ola bilər ki, Azərbaycana Əliyev soyadında adam rəhbərlik etməsin. Amma Heydər Əliyevin siyasi kursu hər zaman yaşayacaq".
Deputat Aydın Hüseynov isə təkliflə çıxış edib. O, diqqətə çatdırıb ki, Azərbaycanda rayonların birinə Heydər Əliyevin adının verilməsi təklif edir. Aydın Hüseynov qeyd edib ki, Heydər Əliyevin Azərbaycan üçün xidmətləri misilsizdir: "Ona görə də təklif edirəm ki, Azərbaycanda rayonların birinə Heydər Əliyevin adı verilsin".
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sdəri Aqiyə Naxçıvanlı bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın ideoloji əsaslarını yaradıb. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan qurtulduğunu dilə gətirən komitə sədri söyləyib ki, həmin dövrdə Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və Azərbaycan dünyada tanınmağa başladı: "Bu gün Ulu Öndər Heydər Əliyevin siyasəti etibarlı əllərdədir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqil Azərbaycan adı yaşdıqca, Heydər Əliyev duhaları Azərbaycanı işıqlandıracaq".
İclasda çıxış edən deputat Aydın Mirzəzadə söyləyib ki, Heydər Əliyev çox böyük praktik idi: "Lakin onun fəaliyyətinə nəzər salanda Dahi şəxiyyətin eyni zamanda güclü nəzəriyyəçi olduğunu görmək mümkündür. Hər iki xüsusiyyətin bir şəxsə cəmləşməsi dünyada nadir hallardan hesab olunur".
Aydın Mirzəzadə söyləyib ki, Heydər Əliyev hər kəsə Azərbaycanı sevmək yolunu öyrətdi: "Ulu Öndər Azərbaycanın gələcək inkişafa gedəcəyi yolu göstərdi. Hazırda bu yol Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirilir. Yeni Azərbaycan quruculuğunda atılan addımlar Heydər Əliyevin hər zaman qələbə çalacaq dühaya malik olduğunu göstərir".

Əli