“Milli Məclisin səlahiyyətləri başqa quruma verilə bilməz” Siyasət

“Milli Məclisin səlahiyyətləri başqa quruma verilə bilməz”

Qüdrət Həsənquliyev: "Hansısa qurumun, özü də beynəlxalq qurumun bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul etməsi yolverilməzdir"

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Normativ hüquqi aktlar haqqında" qanuna əlavə müzakirəyə çıxarılıb.
Komitə sədri Əli Hüseynli bildirib ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı təxminən 50-yə yaxın qanuna dəyişiklik etmək zərurəti yaranıb.
O qeyd edib ki, bu dəyişikliklər növbəti iclaslarda mərhələ ilə müzakirəyə çıxarılacaq. Komitə sədri bildirib ki, yeni qanun layihəsinin işlənməsi üçün "Normativ hüquqi aktlar haqqında" qanunda məhdudiyyətlər yarandığına görə bura yeni bir maddə əlavə edilməsi təklif edilir.
Təklif edilən 5.4-cü maddədə bildirilir ki, "Ələt azad iqtisadi zonasının ərazisində "Ələt azad iqtisadi zonası haqqında" qanun ilə müəyyən edilmiş hallarda bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir".
Komitə sədri bildirib ki, bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə 6 ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.
Deputat Qüdrət Həsənquliyev isə normativ hüquqi aktlarla bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikiyi ölkə Konstitusiyasına zidd adlandırıb. Deputat eyni zamanda bildirib ki, Milli Məclisin səlahiyyətləri başqa bir quruma verilə bilməz:"Burada isə az qala Milli Məclisin səlahiyyətləri başqa qurumlara verilir. Bu, Konstitusiyamıza tam ziddir. Hansısa qurumun, özü də beynəlxalq qurumun bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul etməsi yolverilməzdir. Amma təklif olunan dəyişikliklə sanki bu hüquq Milli Məclisdən alınıb başqalarına verilir. Biz bunu qəbul edə bilmərik".
Millət vəkili Rəfael Cəbrayılov isə bildirib ki, bu qanun layihəsi Konstitusiyaya zidd deyil. O qeyd edib ki, burada əsas mübahisə əmək müqaviləsi ilə bağlıdır ki, bu məsələ hüquqi sferada digər sənədlərlə tənzimlənir: "Mübahisə yarandığı halda hər kəsin məhkəmədə bunu həll etmək hüququ var".
Digər deputatlar müzakirələr zamanı öz təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.