“Paşinyanın prinsipial mövqeyi və proqramı yoxdur” Siyasət

“Paşinyanın prinsipial mövqeyi və proqramı yoxdur”

"Ümumiyyətlə, biz öz mövqeyimizi daima bildirmişik. Azərbaycan Prezidenti İlham Əliyev də "Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır" fikrini istər yüksək tribunalardan, istərsə də bütün çıxışlarında daima təkrarlayır. Ölkə başçısı haqlı olaraq bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq prinsiplərə zidd olmamaq şərtilə həll olunmalıdır. Burada əsasən biz BMT-nin ərazi bütövlüyünün tanınması istiqamətində olan prinsiplərinə zidd olmamaq şərtilə bu məsələnin həllinə hazırıq". Bunu siyasi şərhçi Arzu Nağıyev Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbuldakı çıxışına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, işğalçı qoşunların ərazimizdən çıxarılması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması və ən yüksək səviyyədə muxtariyyət statusunun verilməsi haqqında qərar qəbul edilə bilər: "Təbii ki, biz Kazan protokollarında, Sankt-Peterburq görüşlərində və digər protokollarda bütün bunlarla razılaşmışıq. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu prinsipləri bilir. Son vaxtlar Ermənistanda hakimiyyətin dəyişilməsi ilə elə bir variantlara əl atırlar ki, guya Dağlıq Qarabağ separatçıları üçüncü tərəf kimi danışıqlara gətirilməlidir və danışıqlarda iştirak etməlidir. Bu qeyri-mümkündür. Azərbaycan heç bir zaman imkan verməz ki, ərazisində ikinci bir erməni dövləti yaransın. Baxmayaraq ki, tez-tez hər bir millətin öz müqəddəratını həlletmə prinsiplərini qabartmağa çalışırlar amma onlar 1991-ci ildə Ermənistan müstəqillik əldə edəndə sovetlər dönəmindən ayrılaraq öz müqəddəratını həll edib və erməni dövlətini yaradıb. Azərbaycan ərazisində ikinci bir erməni dövləti yarana bilməz. Bütün bu prinsiplərdən çıxış edərək Azərbaycan Prezidenti də çox yüksək kürsülərdə və digər tədbirlərdə də bu fikri bəyan edib. Təbii ki, Ermənistan da bundan nəticə çıxarmalıdır. Çünki Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra həm Qərbə, həm də Rusiya tərəfə yönəlməsinə baxmayaraq o prinsipial mövqeyi, proqramı yoxdur. Çünki "Qarabağ klanı"nın qoyduğu o prinsiplərin üzərində hakimiyyətə gəlib və bundan da kənara çıxa bilmir. Bütün bunlara baxmayaraq Azərbaycan öz mövqeyini daima saxlayacaq".