“Görüş böyük dövlətlərin rəhbərlərinin birinin təşəbbüsü ilə baş tuta bilər” Siyasət

“Görüş böyük dövlətlərin rəhbərlərinin birinin təşəbbüsü ilə baş tuta bilər”

"Fransa, Rusiya və ya Amerika prezidentlərindən biri Azərbaycan və Ermənistan liderlərini bir araya gətirmək təşəbbüsü ilə çıxış edərsə, bu zaman Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər". Bu fikirləri deputat Rasim Musabəyov Dağlıq Qarabağ danışıqlarının bərpa edilməsi, habelə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün mümkünlüyü haqda danışarkən deyib. Musabəyov bildirib ki, Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında görüş böyük dövlətlərin rəhbərlərinin birinin təşəbbüsü sayəsində baş tuta bilər: "Belə bir görüş ola bilər. Ancaq bu təşəbbüsün kim tərəfindən irəli sürülməsi əhəmiyyətlidir. İkincisi, belə görüş nəticə verəcəkmi? Bu gün Ermənistan rəhbərliyi kifayət qədər çətin olan kompromistlərin yükünü üzərinə götürüb daşımağa hazırdırmı? Mən düşünürəm ki, buna hazır deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanda yeni parlament seçkiləri gözlənilir. Adətən populist dalğası altında hakimiyyətə gələn şəxs çalışır ki, bu dəstəyi itirmədən seçkilərdə öz mövqelərini gücləndirsin. Fikrimcə, indi Ermənistanda hakimiyyətə gələn qüvvənin əsas məqsədi hakimiyyətdə dayaqlarını möhkəmlətməkdir".
Qeyd edək ki, rusiyalı politoloq Maksim Mayorov açıqlaması zamanı bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü mümkündür.
"Fikrimcə, Moskva hər şey edəcək ki, tərəflərin mövqeləri maksimal dərəcədə yaxınlaşsın və münaqişənin tənzimlənməsi prosesi ölü nöqtədən tərpənsin. Bu zaman Qafqazda onsuz da kövrək olan sülhə təhlükə törədə biləcək zorun tətbiqinə yol verilməyəcək. Əminəm ki, bu il ərzində Rusiya, Azərbaycan və Ermənistan lidelərinin üçtərəfli görüşü keçiriləcək, belə ki, Qarabağdan savayı da həll edilməli bir sıra məsələlər mövcuddur", - ekspert söyləyib.