“Ermənilərə qarşı sanksiyaların qəbuluna çalışmalıyıq” Siyasət

“Ermənilərə qarşı sanksiyaların qəbuluna çalışmalıyıq”

Qüdrət Həsənquliyev: "Buna nail ola bilməsək də, xalqımız görməlidir ki, Qərbin ikili standartlarının mahiyyəti nədən ibarətdir"

Milli Məclisin bu günkü iclasında parlamentarilər cari məsələlərlə bağlı çıxış ediblər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxışında ilk öncə deputat həmkarı Fazil Mustafanın "Çağ Öyrətim" məktəblərinin bağlanması ilə bağlı narahatlığını bölüşmədiyini bildirib.
"Hesab edirəm ki, orta məktəblər dövlətin nəzarətində olmalıdır və hər hansı dini bağlılığı olan qurumların orta məktəblər üzərində təsiri olmamalıdır. Buna görə də mən Dövlət Neft Şirkətinin bu qərarını alqışlayıram və vaxtında qəbul edilmiş qərar kimi qiymətləndirirəm", deyə millət vəkili qeyd edib.
Qüdrət Həsənquliyev daha sonra NATO PA-nın Bakıda keçirilən Rouz Rout seminarının yüksək səviyyədə təşkil olunduğunu bildirdi və nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə, spikerə və millət vəkillərinə öz minnətdarlığını ifadə etdi: "Seminarın yüksək səviyyədə təşkil olunduğunu bütün iştirakçılar da öz çıxışlarında qeyd edirdilər. Orada təhlükəsizliyin yüksək səviyyədə təmin olunması ermənilərə hər hansı təxribat etmək imkanları vermədi. Halbuki onlar bura təxribat məqsədilə gəlmişdilər".
Daha sonra o, həmkarı, Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun hazırladığı və ermənilərə qarşı sanksiyaların tətbiq orlunmasını nəzərdə tutan qətnamə layihəsinə diqqət yönəldib: "Mən dünən mətbuatdan oxudum ki, Elxan Süleymanovun hazırladığı qətnamə layihəsini 14 ölkədən 58 nümayəndə imzalayıb. Bu çox böyük bir uğurdur. Layihə gündəliyə salınıb, Sədarət Komitəsində və Büroda müzakirə olunacaq. Mən əminəm ki, hörmətli Səməd Seyidovun rəhbərliyi ilə bizim nümayəndə heyəti müvafiq qərarların qəbul edilməsinə çalışacaqlar. Amma bu qərarlar qəbul olunmasa da, bunun özü bir uğurdur. Yəni bizim xalqımız bu beynəlxalq təşkilatların ikili standartlarını bir daha görəcək, onların bir çox hallarda tutduğu riyakar mövqenin şahidi olacaq.
Qarşıdan ATƏT PA-nın Bakı toplantısı gəlir. Bu da ölkəmiz üçün çox böyük hadisədir. Bunu ona görə xatırlatdım ki, qarşıda bir həftədən bir az artıq vaxt var. Bəlkə həmin qətnamənin də eynilə ATƏT PA-da qəbul olunmasına çalışaq. Çalışaq ki, bizi, haqqı-ədaləti, beynəlxalq hüququ dəstəkləyən insanlar həmin layihəni imzalasınlar. Heç olmasa biz onun gündəliyə salınmasına nail olaq. Amma yenə də söyləyirəm ki, hətta biz buna nail olmasaq belə, Azərbaycan xalqı görməlidir ki, Qərbin ikili standartlarının mahiyyəti nədən ibarətdir".