“Gəncədə törədilən cinayət terror aktıdır” Siyasət

“Gəncədə törədilən cinayət terror aktıdır”

"Gəncədə törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlər, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaq və dindən bu ad altında istifadə etməkdir"
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Azərbaycan güclü dövlətdir və kimlərsə bu cür hadisələrlə ictimai-siyasi sabitliyi poza bilməz:"Bunu dinlə bağlayanlar əslində dini təhrif edirlər. Çünki bu dinə aid məsələ deyil. Məsələnin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Əminəm ki, bu məsələdə əli olan hər kəs layiqli cəzalarını alacaq. Bunun arxasında duran xarici və ya daxili dairələr varsa, onlar da ifşa olunacaq".
M.Qurbanl təəssüf hissi ilə qeyd edib ki, bəziləri hadisəni yalnış yozur: "Artıq mahiyyət bəllidir. Gəncədə terror aktını törədənlərin kimliyi, onları müdafiə edənlər ortadadır. Bu yalnız Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir. Onlar öz istəyinə nail olmayacaq".
Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.