“ Xəzərin statusu ilə bağlı konvensiya da ölkəmizin uğurlarındandır” Siyasət

“ Xəzərin statusu ilə bağlı konvensiya da ölkəmizin uğurlarındandır”

Mübariz Əhmədoğlu: "Ermənilərə "Azərbaycan bu problemi öz bildiyi kimi həll etdi" sözünü dedirdə bildik"


"Azərbaycan baş verən proseslərə hazırlıqlıdır. Xəzərin statusu ilə bağlı konvensiya da ölkəmizin uğurlarındandır. Bununla, Xəzərin Azərbaycan üçün problem olması sıradan çıxdı. Təbii ki, Xəzərlə bağlı bütün problemlər aradan qalxıb demək olmaz, problemlər var. Amma əsas odur, ermənilərə "Azərbaycan bu problemi öz bildiyi kimi həll etdi" sözünü dedirdə bildik".
Azadinform xəbər verir ki, bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. Dünyada baş verən proseslərdən də danışan politoloq bildirib ki, Tramp ABŞ-da qarşıdan gələn seçkilərə Rusiyanın müdaxilə edərək demokratları qalib çıxaracağından qorxur: "Rusiya-ABŞ münasibətləri gərginliyin və qeyri-müəyyənliyin yeni mərhələsinə daxil oldu. Gərginlik və qeyri-müəyyənliyin təşəbbüskarı ABŞ prezidenti Trampdır. Trampın Rusiyaya münasibətdə yeni qorxu motivasiyası yaranıb. Tramp Rusiyanın ABŞ-da qarşıdan gələn seçkilərə müdaxilə edərək demokratları qalib çıxaracağından qorxur. Nəticədə Tramp növbəti dəfə ABŞ-ın prezidenti ola bilməyəcək. Tramp nəinki 2-ci, hətta 3-cü, 4-cü dəfə ABŞ-ın prezidenti olmaq niyyətindədir. Onun bu arzusunu Putin məhv edə bilər. Tramp hal-hazırda bu qorxu instinkti ilə idarə olunur. Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar da məhz buna görə məntiqdən tam məhrumdur. Britaniyada Solsberi və ya Skripalların zəhərlənməsinin aktual vaxtında ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etmədi. Amma bu məsələ aktuallığını itirdikdən sonra Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Milli təhlükəsizlik məsələləri üzrə müşavir Boltonun Helsinkidə Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevlə görüşməsində də rəsmi səbəblər, terrorizmə qarşı mübarizə, ikitərəfli münasibətləri normallaşdırmaq, İran və Suriya məsələləri deyilsə də, sonda bəlli oldu ki, Bolton Patruşevdən Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməyəcəyinə dair yazılı sənəd almaq niyyətində imiş. Patruşev görüşün yekunlarına dair ümumi məzmunlu sənəd imzalamağı təklif etsə də, Bolton bununla razılaşmayıb".
Politoloq qeyd edib ki, ABŞ-ın Rusiyanın seçkilərə müdaxilə etməməklə bağlı rəsmi və yazılı öhdəliyinə necə inanacağı da bəlli deyil. Trampın qorxu instinkti artan xətlə hadisələri diktə edir. O, Fars körfəzinə hərbi gəmilər göndərdi. RF Müdafiə Nazirliyi "ağ dəbilqəlilərin" yenidən kimyəvi hücum təşkil edəcəyi ilə bağlı detallı məlumat yaydılar. ABŞ da əvvəlcədən rəsmi Suriya ordusunun kimyəvi silah tətbiq edəcəyi ilə bağlı məlumatlar yaydı: "Bu halda, ABŞ qəflətən hərbi qüvvədən istifadə edəcəyini bildirdi və məhz bu məqsədlə də Fars körfəzinə hərbi qüvvələr yerləşdirdi. Suriyanın xarici işlər naziri Muallem Moskvada səfərdə olarkən Lavrovla keçirdiyi mətbuat konfransında "ağ dəbilqəlilərin" kimyəvi silah hücumunu səhnələşdirmək üçün 44 uşaq oğurladığını bildirdi. Rusiya XİN rəhbəri Lavrov həmin mətbuat konfransında Qərbi odla oynamaqdan çəkinməyə çağırdı. Başqa sözlə, Rusiya ABŞ-ın hərbi hücumuna hərbi yolla cavab veriləcəyini bildirdi. Ümumiləşdirsək, ABŞ-la Rusiya arasında münasibətlərin birdəfəlik həlli fazasına daxil olduqlarını deyə bilərik. Yaxın günlərdə olmasa da, yaxın aylarda Tramp Putini "yerində oturtmaq" üçün hərbi aksiyaya əl atacaq. Aksiyanın məkanının Suriya olacağı şəksizdir. Hər şeyi Rusiyanın və ya Rusiya adından Suriyanın verəcəyi cavab zərbələri müəyyənləşdirəcək. Rusiyanın ABŞ-ın hərbi aksiyasına verdiyi hərbi cavab reaksiyası zəif olacaqsa, Tramp müharibəni Qara dəniz akvatoriyasına keçirəcək. Rusiyanın zərbəsi ABŞ-ın Fars körfəzindəki qüvvələrini darmadağın edəcəksə, o zaman ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Mitçellin "Putin Amerika cəmiyyətini parçalamaq istəyir" tezisinə inanmaq lazım gələcək. Mitçellə görə Putin Amerika respublikasını seçkilərə təsir etməklə deyil, Amerika cəmiyyətində mövcud olan "geoloji parçalanma xəttini" sistematik qızışdırmaq vasitəsilə parçalamaq istəyir".