“Danışıqlara son verilsin” Siyasət

“Danışıqlara son verilsin”

BAXCP İdarə Heyəti: "Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlər səsləndirməsi Ermənistanla danışıqların davam etdirilməsinin əhəmiyyətsiz olduğunu sübuta yetirir"

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət, təşkilat və digər məsələlər müzakirə olunub. İclasda ictimai-siyasi vəziyyətin müzakirəsi çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra verdiyi açıqlamalara da münasibət bildirilib. Qeyd olunub ki, hətta Vladimir Putinlə görüşdən dərhal sonra Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlər səsləndirməsi Ermənistanla danışıqların davam etdirilməsinin əhəmiyyətsiz olduğunu növbəti dəfə sübuta yetirir. BAXCP İdarə Heyəti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Ermənistanla aparılan danışıqlara son verilməli, bu barədə beynəlxalq təşkilatlar məlumatlandırılmalı, Azərbaycan hökuməti torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmalıdır.
BAXCP İdarə Heyətinin iclasında müzakirə olunan növbəti məsələ yeni tədris ilinin başlanması ilə bağlı olub. BAXCP İdarə Heyəti bu münasibətlə bütün təhsil işçilərini, tələbə və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.
BAXCP İdarə Heyətinin toplantısında Güney Azərbaycan, Borçalı, İraq, Dərbənd, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türklərinin təqaüd proqramları əsasında ölkəmizdə təhsil almalarının vacibliyi də vurğulanıb. İdarə Heyəti Azərbaycan hökumətini hər il sadalanan ərazilərdə yaşayan soydaşlarımızın ən azı 1000 nəfərinin ölkəmizdə ödənişsiz təhsil almaları üçün müvafiq qərar qəbul etməyə çağırıb.
İdarə Heyətinin müzakirə etdiyi növbəti məsələ Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə bağlı keçiriləcək tədbirlərlə bağlı olub. BAXCP bu münasibətlə keçiriləcək paradı və Türkiyə prezidentinin Azərbaycana səfərini alqışladığını bəyan edib. BAXCP İdarə Heyəti Azərbaycan hökumətini Şəhidlər Xiyabanındakı Türk Şəhidliyində Qafqaz İslam Ordusunun əfsanəvi komandanı Nuri Paşanın büstünün qoyulması üçün müvafiq addımlar atmağa çağırıb.