“Ortada işğala məruz qalmış dövlət var və işğalçı var“ Siyasət

“Ortada işğala məruz qalmış dövlət var və işğalçı var“

"Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli BMT-nin qərarı ilə ATƏT-ə tapşırılıb. Bu illər ərzində demək olar ki, ATƏT bu istiqamətdə real bir iş görməyib". Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə bu məsələni çox doğru və düzgün qoydu: "Düzdür müəyyən irəliləyişlər olub. ATƏT-in xətti ilə müəyyən görüşlər keçirilib və müəyyən layihələr müzakirə edilib. Amma ortada işğala məruz qalmış dövlət var və işğalçı var. ATƏT heç zaman bu prinsipdən çıxış etməyib. Yəni işğalçıya beynəlxalq hüququn sərt üzünü nümayiş etdirmək lazımdır. ATƏT bu məsələlərə bu prizmadan yanaşmalıdır. Yoxsa hər iki tərəfə eyni cür yanaşmaq, eyni gözlə baxmaq kökündən yanlış bir məsələdir. Ona görə də düşünürəm ki, bu danışıqlarda hansısa irəliləyişlərə, müsbət nəticələrə nail olmaq üçün məhz işğalçıya işğalçı kimi yanaşılmalıdır. İşğala məruz qalmış dövlətə isə zərərçəkən dövlət kimi yanaşılmalıdır. Hesab edirəm ki, məsələ bu cür həll olunmalıdır. Yoxsa ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri hər dəfə güzəştə getmək lazımdır deyəndə hər iki dövlətə müraciət edirlər. Biz hansı güzəştə getməliyik?
Bu gün bizim 20 faiz torpaqlarımız işğal altındadır. Bizim güzəştimiz yalnız o ola bilər ki, biz bu məsələnin dinc yolla həllinə hələki üstünlük veririk. Yox əgər Ermənistan bu qeyri-konstruktiv mövqedən çıxış edəcəksə, elə hesab edirəm ki, Azərbaycan danışıqlardan geri çəkilməli və hərbi gücü ilə bu məsələni həll etməlidir. Amma biz beynəlxalq hüquqa, aləmə, qonşularımıza hörmət etdiyimizə görə biz hələki danışıqlar yoluna üstünlük veririk. Ona görə ATƏT də bu mövqedən çıxış etməlidir və bu məsələdə bizi dəstəkləməlidir".