“Bu hadisələrdən 100 il ötməsinə baxmayaraq...” Siyasət

“Bu hadisələrdən 100 il ötməsinə baxmayaraq...”

Emin Həsənli: "Xalqımız türk ordusunun göstərdiyi şücaəti və köməyi unutmur"

"1918-ci ildə Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini bütün ölkə ərazisində bərqərar etməkdə böyük çətinliklərlə qarşılaşmışdı. Bolşevik-daşnak qoşunları Azərbaycanın müxtəlif bölgələrində əhaliyə divan tutur, Bakıda ağalıq edirdilər. Belə bir vaxtda Azərbaycan hökuməti kömək üçün qardaş Türkiyəyə müraciət etməyə məcbur olmuşdu". Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu törədiləcək daha böyük vəhşiliklərin qarşısını aldı: "Sentyabrın 15-də Bakıya həlledici hücum başlandı və ayın 18-də türk ordusu və onun tərkibindəki Azərbaycan qoşunları şəhərə daxil oldular. Bakı bolşevik-daşnak işğalından azad edildi. Azərbaycan-Türkiyə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə söykənir. Bunun çox böyük siyasi və hərbi əhəmiyyəti var. Bu qardaşlığı Ümummilli Lider Heydər Əliyev yüksək qiymətləndirib. Bu hadisələrdən 100 il ötməsinə baxmayaraq, xalqımız türk ordusunun göstərdiyi şücaəti və köməyi unutmur, Şəhidlər xiyabanına gələn hər bir azərbaycanlı şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etməyi özünə mənəvi borc bilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdiyi kimi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı da Hərbi Parad təşkil edəcək. Bu hadisə çox yüksək qiymətləndirilməlidir".