“Əgər Paşinyan hakimiyyəti sülhə getməsə...” Siyasət

“Əgər Paşinyan hakimiyyəti sülhə getməsə...”

Elman Məmməfov: "Azərbaycan öz gücünə torpaqları işğaldan azad edəcək"

Ermənistanın baş naziri Nuikol Paşinyanın məlum bəyanatları Azərbaycanla yanaşı, Rusiya və Ermənistan mediasında da müzakirə edilir. Əksər ekspertlər onun açıqlamalarını boş və çıxılmaz bir durumda olan şəxsin düşdüyü psixoloji durumun nəticəsi kimi dəyərləndirirlər.
Deputat Elman Məmmədov deyib ki, Paşinyan cəfəng fikirləri ilə danışıqlar prosesini əngəlləyir. Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həllində maraqlı olmadığını deyən deputat söyləyib ki, onun Moskva səfərindən sonra söylədikləri bəyanatlar bunu bir daha təsdiq etmiş oldu: "Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. O bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir".
Deputatın sözlərinə görə, Paşinyanın Dağlıq Qarabağla bağlı absurd fikirlər irəli sürməsi onun siyasətdən nə qədər uzaq olduğunu göstərir: "Onun Qarabağı Ermənistanın bir hissəsi kimi təsəvvür etməsi isə cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycan bu kimi iddiaları qətiyyətlə rədd edir. Qarabağ tarixi torpağımızdır. Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal edib. Amma biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Hələ ki, sülh danışıqlarına üstünlük verilir. Əgər Paşinyan hakimiyyəti sülhə getməsə, Azərbaycan öz gücünə torpaqları işğaldan azad edəcək".
Siyasi ekspert Rövşən Məmmədli isə deyib ki, Nikol Paşinyan baş nazir olduğu ilk dövrlərdən fərqli olaraq, getdikcə Qarabağla bağlı mövqeyini daha da sərtləşdirir. Ekspertin sözlərinə görə, Paşinyan jurnalistin sualına cavab olaraq "biz referendum keçirəcəyik" deməsi ilə açıq aşkar Azərbaycanın daxili işlərinədə müdaxilə edir və Dağlıq Qarabağın Azərbaycanın tərkibində beynəlxalq hüququn subyekti olduğunu unudur: "O bu kütləyə hesablanmış fikrinin ardınca isə deyir "referendum keçirib, məsələni həll edəcəyik". Sual olunur məsələni "həll edəcəksənsə" onda daha referendiumu nə üçün keçirirsən? İkincisi isə o referendiumun ki, nəticəsi başlanğıcdan məlumdursa, belə "referendumu keçirməyə" hansı axmaq sənə imkan verər? Nikol Paşinyan bu kəskin, həm də sərsəm bəyanatlar verməklə sülh danışıqlarından yayınır və bununla da Sərkisyan kimi nə sülh, nə də müharibə, yaşasın mövcud status-kvo siyasəti aparır. Paşinyan getdikcə Azərbaycana qarşı daha kəskin bəyanatlar verir, hədə-qorxu gəlir bizə. Bu cür sərt bəyanatlarla o, Ermənistanda möhkəmlənmək istəyir. Bu fakt, yəni Paşinyanın öz nüfuzunu gücləndirmək üçün Qarabağ faktorundan bəhrələnməsi, onu göstərir ki, ermənilər heç də biz düşündüyümüz kimi nə vaxtsa ağıllanmayacaqlar, nəticə çıxarmayacaqlar". Rövşən Məmmədli deyib ki, Nikol Paşinyan bu cür bəyanatlarla Ermənistanda möhkəmlənib, seçkilərə möhkəmlənmiş vəziyyətdə getmək istəyirsə, deməli erməni cəmiyyətidə elə bu cür bəyanatlara aşiqdirlər: "Belə aşiqləri nə etmək lazımdır? İstədiyini əlindən alıb başından vurmaq lazımdır".
Ekspert bu arada Ermənistanın daxilində cərəyan edən proseslərə də toxunub. Bildirib ki, keçmiş prezident Sərkisyanın ilkin mərhələdə .5 rayonun qaytarılması ilə bağlı işğalçı ölkədə yayılan "məxfi" sənədlər də əslində Paşinyanın özü tərəfindən hazırlanıb. Məqsəd xalq arasında siyasi nüfuzunu qoruyub saxlamaqdır: "Guya ki, sənəddə bölgəyə sühməramlıların yerləşdirilməsi, azad olunmuş ərazilərə azərbaycanlıların qayıdışı kimi məqamlar əksini tapıb. Sənəddə Qarabağa yalnız aralıq statusu verilməsi nəzərdə tutulur, ancaq onun da nə vaxt olacağı qeyri müəyyən olaraq qalır. Paşinyan deyib ki, bu sənəd keçmiş rəhbərlikdən ona miras qalıb. Guya Rusiya da sənədə əməl olunması üçün ona təzyiq edir, ondan keçmiş razılaşmalara sadiq qalmaq tələb olunur".