“Azərbaycanın güclü hərbi-sənaye kompleksi formalaşır” Siyasət

“Azərbaycanın güclü hərbi-sənaye kompleksi formalaşır”

Elman Nəsirov: "Ölkəmizdə 1200 adda hərbi məhsullar istehsal olunur"


"ADEX-2018" Beynəlxalq Müdafiə sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir". Bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoqlar və digər mühüm tədbirlərlə yanaşı, hərbi sahədə də əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bu gün paytaxtda açılan "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisinə dünyada maraq artmaqdadır. Sərgidə iştirak edən şirkətlərin sayının hər il artması bunun təsdiqi kimi qiymətləndirilə bilər".
Millət vəkili bildirib ki, Azərbaycanın hərbi-sənaye kompleksi sürətlə inkişaf etməkdədir: "Ölkəmizdə 1200 adda hərbi məhsullar istehsal olunur. Bu məhsullar həm də xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilir. "ADEX-2018" sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü, hərbi təyinatlı məhsullarını nümayiş etdirmək baxımından da olduqca mühüm tədbirdir. Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərbi quruculuq, ordumuzun gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzindədir".
Onun sözlərinə görə, təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində də müdafiə xərcləri birinci yerdədir və bu da təxminən 2,7 milyard manat edir: "Bu sərgi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanın güclü iqtisadiyyatı var, güclü hərbi-sənaye kompleksi formalaşmaqdadır və Azərbaycan təkcə hərbi məhsullar istehsal etmir, həm də onun perspektivli ixracatçısına çevrilib".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Fərəc Quliyev isə bildirib ki, Azərbaycan əvvəllər beynəlxalq müdafiə sərgilərində alıcı kimi iştirak edir və arsenalımıza daha çox hansı silahların daxil olmasına baxırdıq: "Bu gün ADEX kimi sərgilərin ölkəmizdə keçirilməsi və sərgidə Azərbaycanın istehsalı olan silahların nümayiş olunması çox sevindiricidir. Ölkəmiz artıq tək alıcı kimi deyil, həm də silah satıcı kimi özünü dünyaya təqdim edir".
Dünya ölkələrinin Azərbaycan tərəfindən istehsal olan silahlara maraq göstərdiyini deyən deputat ölkəmiz bu sahədə gəlir əldə etdiyini bildirib: "Bu, mühüm məsələdir. Dünyanın müxtəlif ölkələri öz silahlarını satmaq üçün bəzi ərazilərdə müharibələrin, münaqişələrin olmasının tərəfdarıdır. Artıq Azərbaycan özünün hərbi sənaye kompleksini qurduğuna görə, münaqişə və müharibə olacağı təqdirdə digər dövlətlərdən silah almayacaq. Çünki, ölkəmiz öz silah təminatını ödəmək qabiliyyətindədir. Belə olan halda, digər dövlətlər burada münaqişənin olmasını deyil, barış bölgəsi olmasını arzulayır".
F. Quliyev söyləyib ki, Azərbaycanın silah istehsal etməsi təhlükəsizlik baxımından da əhəmiyyətlidir: "Bundan başqa Azərbaycan müharibə şəraitində olan bir dövlətdir. Bu, bizim iradəmizdən asılı olmayaraq baş verib. 20 faiz torpaqlarımız işğal olunub. Azərbaycan öz ordusunun silah-sursatının komplektləşdirmək üçün addım atmalı, silah təminatımızı təmin etməliyik. Alternativ olaraq özümüzün silah istehsal etməyimiz başqa ölkələrdən silah asılılığımızı da aradan qaldırmış olur. Bunun özü də çox əhəmiyyətli məsələdir".
Deputat qeyd edib ki, silah-sursat satmaq, təkcə onu satmaqdan ibarət deyil: "Burada onun servisi, xidmətləri, quraşdırılması, texnik personal kimi məsələlər var ki, bu da yeni iş yerlərinin açılmasına imkan yaradıb. Bu baxımdan ADEX sərgilərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var".
Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olduğunu xatırlayan komitə üzvü vurğulayıb ki, ölkəmizin geniş iqtisadi potensiala, insan resursuna malik olması və eləcədə hərbi sənayesi sahəsində böyük nailiyyətlə əldə etməsi təbii ki, bölgədə maraqlı olan dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin dinc yolu ilə həllinə səfərbər etməyə bir çağırışdır: "Etmədikləri təqdirdə, bütün beynəlxalq sənədlər, ölkəmizin öz torpaqlarını hərbi yolla azad etmək imkanı verir".