“BMT-nin bizə, bizim isə BMT-yə ehtiyacımız var!” Siyasət

“BMT-nin bizə, bizim isə BMT-yə ehtiyacımız var!”

Birləşmiş Millətlər Təşkilatı (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün Azərbaycanın fəaliyyətini dəstəkləməyə davam edəcək.
Trend-in məlumatına görə, bu barədə təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin BMT Günü münasibətilə müraciətində deyilir.
Müraciətdə qeyd olunur: "Bu gün 73 il öncə əsası qoyulmuş Birləşmiş Millətlər Təşkilatının Günüdür. Bu bizə BMT-nin Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlığının 26 ilini qeyd etmək və Azərbaycanın inkişafı və rifahı üçün gördüyü işlər haqqında danışmaq imkanı verir".
Q.İshaqzai bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra BMT-nin dəyərli və fəal üzvü olub:
"Biz daha yaxşı və güclü BMT naminə Azərbaycanın davamlı dəstəyinə güvənirik. BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın fəaliyyətini dəstəkləməyə davam edəcək. Sabah keçiriləcək DİM Forumu bu dayanıqlı inkişaf gündəliyinin icrasında tərəfdaşlığımız və birgə işimizin bariz nümunəsidir. Gəlin, BMT-nin Azərbaycanda və dünyadakı dəyərini, vəzifəsini və işini birlikdə təqdir edək. BMT-nin bizə, bizim isə BMT-yə ehtiyacımız var! BMT Günümüz mübarək!"