Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının sessiyası keçirilir Siyasət

Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının sessiyası keçirilir

Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası öz işinə başlayıb.
Tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Sessiyanın açılış mərasimində Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, daxili işlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisinin deputatı Azay Quliyev, BMT-nin nümayəndələri iştirak edir.
Sessiyaya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, eləcə də müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.
Sessiya noyabrın 19-dan 23-dək davam edəcək. Burada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsilə bağlı 60/1 qərarının icrası, alt komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Sessiyada işçi qruplar tərəfindən - narkotiklərin ticarəti ilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını, "darknet" şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə, sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması, hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə baxılması da planlaşdırılıb.