Erməni oliqarxlar milyonlarını götürüb ölkədən qaçır Siyasət

Erməni oliqarxlar milyonlarını götürüb ölkədən qaçır

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistandan xaricə pul axını rekord həddə artıb.
Bu barədə Ermənistanın "Joxovurd" qəzeti mənbələrinin təqdim etdiyi statistikaya əsasən yazıb.
"Təkcə bu ilin oktyabr ayında Ermənistandan xaricə axan pulların həcmi 121 milyon 461 min ABŞ dolları təşkil edib. Son 10 ayda isə ümumilikdə 951 milyon 38 min ABŞ dolları Ermənistandan çıxarılıb. Bu, ötən ilin eyni vaxtı ilə müqayisədə 171 milyon 842 min dollar çoxdur. Aydın olur ki, əvvəlki hakimiyyətin nümayəndələri Ermənistandan birdəfəlik qaçmaq üçün varidatlarını ölkədən kənara çıxarırlar" – qəzet yazıb.
Qeyd olunur ki, əvvəlki hökumətdə təmsil olunan oliqarx siyasətçilər və biznesmenlər digərlərinin başına gələnlərdən dərs çıxararaq, Paşinyanın toruna düşməmək üçün Ermənistanı tərk etmək qərarına gəliblər. Lakin bildirilir ki, 10 ay ərzində Ermənistan kimi kiçik və büdcə kəsiri ilə dövlət borcu getdikcə artan bir ölkədən 1 milyard ABŞ dollarına yaxın pulun xaricə çıxarılması yaxşı heç nə vəd etmir. Çünki bu, həmin oliqarx siyasətçilərin Ermənistandakı bizneslərinin bağlanması və iqtisadiyyata yatırdıqları sərmayənin geri götürülməsi deməkdir ki, nəticədə ölkədə işsizlik və yoxsulluğun səviyyəsi daha da artacaq. Belədə, zərbə Paşinyana yox, erməni xalqına dəyəcək.