Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı... Siyasət

Sərkərdə Teymurun ABŞ-da yaşayan adaşı...

ABŞ-ın İndiana ştatı ərazisinə görə Azərbaycandan böyük olsa da, əhalisi Azərbaycan əhalisinin üçdə ikisi qədərdir. Ştatın ən məşhur şəhərlərindən biri də Bluminqtondur. Bluminqton dünyada elm-təhsil ocağı kimi tanınır. Burada dünyanın hər yerindən oxumağa gələn tələbələr var. Onların arasında az da olsa azərbaycanlılar da olub...
Haqqında söhbət açacağım Teymur Qorxmaz oğlu Hacıyev bu universitetin məzunu olmasa da Bluminqton şəhərinin ictimaiyyəti tərəfindən sayılıb-seçilən insanlardandır...
O, 1968-ci il iyulun 20-də Odessa şəhərində anadan olub. Həmin vaxtlar atası Qorxmaz kişi orada Dəniz Donanması Mühəndisləri inistitutunda təhsil alıb. Teymur iyirmi günlük körpə olarkən Qormaz kişi həyat yoldaşı Sveta xanımla birlikdə Bakıya köç edib, vətənə dönüb. Hazırda ömrünün 85-ci ilini yaşayan, əslən Ağdaş rayonundan olan Qorxmaz kişi uzun illər DOSAF adıyla tanınan təşkilatın sürücülük məktəbində müdir müavini vəzifəsində çalışıb...
Teymur orta təhsilini Bakıdakı 42 nömrəli məktəbdə alıb. Sonradan Azərbaycan Texniki Universitetini bitirib. İxtisasca mühəndis-mexanikdir.
1991-1993-cü illərdə Respublika Uşaq Fondunun istehsal sahələrindən birində çalışıb. 1993-cü ildə Moskva şəhərinə yollanıb. 1994-cü ildə Bakıya qayıdanadək orada "Avand" adlı restoran yaradaraq həmin restoranı işlədib. 2000-ci ildə ABŞ-a gələnədək Bakıda kiçik bizneslə məşğul olub. ABŞ-a gəldikdən sonra iki il Nyu York şəhərində yaşayıb-işləyib. 2002-ci ildən ABŞ-ın Bluminqton şəhərində yaşayır, ABŞ vətəndaşıdır. Az müddət ərzində o, dərman istehsalı üzrə ABŞ-ın ən yaxşı mütəxəsislərindən birinə çevrilib. Bu sahədə ən bacarıqlı mühəndislərdən biri kimi tanınır. Bəlkə də yeganə azərbaycanlıdır ki, bacarığına, savadına görə onun Azərbaycandan gətirdiyi ali təhsil diplomu ABŞ-da tanınıb və qəbul edilib. Ailəlidir, iki övladı var...
Həyat yoldaşı Əminə xanım mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır. Malakan bağı adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi Nəcəf Salamov olub. Əminə xanım İndiana Universitetini bitirib, burada alimlik dərəcəsi alıb. Hazırda İndiana Universitetində labaratoriya müdiri vəzifəsində çalışır. Ətraf mühitin çirklənməsinə qarşı mübarizə aparan alimlərdəndir. Öz sahəsində dünyada tanınır. Onun metodikasından dünya alimləri istifadə edir. Qəribədir, ABŞ-ın bir sıra telekanallarında onun metodikası haqqında verilişlər getsə də, hələ ki, bizim televiziyalar qürur yerimiz olan bu xanımı Azərbaycan ictimaiyyətinə təqdim etməyə tələsmirlər...
Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayır, Teymur. İndiana Universitetinə təhsil almağa gələn azərbaycanlı tələbələrə qardaş nəvazişi göstərir, hər birinə arxa-dayaq olur. Odur ki, burada təhsil almış soydaşlarımızın əksəriyyəti Teymuru tanıyır, Teymuru sevirlər. Təkcə soydaşlarımıza hayan olmur, başqa millətlərdən Bluminqtona gələn insanlarla da ünsiyyətində mehriban, qayğıkeşdir. Gürcüstanın Ekologiya və təbii sərvətlər naziri Xatuna Qaqaladze ilə ailəvi dostluq edirlər. Xatuna xanım da İndiana Universitetində təhsil alıb, bu elm ocağının məzunudur...
Bluminqton məscidinə gələn müsəlmanlar müxtəlif millətlərin nümayəndələridir. Aralarında alimlərdən tutmuş iş adamlarınadək hər cür müsəlmanlar var. Hamı Teymuru doğru-dürüst, xeyirxah bir insan kimi tanıyır...
Hər kəs mənsub olduğu millətin bir zərrəsidir. Bluminqtonda daimi yaşayan əhali Azərbaycanı Teymurla tanıyır desəm, səmimiyyətimə inanın. Azərbaycan adət-ənənələrinin, mədəniyyətinin təbliği üçün burada çox işlər görüb. Novruz bayramlarında Universitetin ərazisində milli xörəklərimizdən, şiriniyyatdan ibarət süfrə açır, müxtəlif millətlərdən olan tələbələri qonaq edir. Azərbaycanla bağlı qısametrajlı filimlər nümayiş etdirib insanlara ölkəmiz haqqında məlumatlar verir, onları maarifləndirir...
Azərbaycana çox bağlıdır. Evinin hər bir otağında Azərbaycan bayrağı var. Bakıdan gətirdiyi müxtəlif süvenirlər otaqları bəzəyir. Vətənə sevgisinin bir təzahürü kimi, idarə etdiyi avtomobilə Azərbaycan qeydiyyat nişanını vurub. Doğrudur, bu nömrə əsl deyil, hansısa rəssamın əl işidir, amma əslindən heç də fərqlənmir. Hər dəfə bu avtomobili görəndə adama ləzzət verir. Sizə zarafat gəlməsin, uzaq Amerika yollarında üstündə üç rəngli bayrağımız olan Azərbaycan nömrəli bir avtomobil şütüyür- Teymur Hacıyevin avtomobili...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan