“Moskvanın rolunu indi də sanki Brüssel oynayır” Siyasət

“Moskvanın rolunu indi də sanki Brüssel oynayır”

Azay Quliyev çox doğru qeyd edib. Həqiqətən də Şərq Tərəfdaşlığının Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasına seçkilərlə bağlı qəribə bir prosedur var. Bu prosedurun qəribəliyi, mürəkkəbliyi ondan ibarətdir ki, seçki nəticəsində ən çox səs toplamış 5 müxtəlif qrup üzrə kvotaya uyğun olaraq siyahı Şərq Tərəfdaşlığının Vətəndaş Cəmiyyəti Forumunun rəhbər komitəsinə göndərilir. Rəhbər komitə, eyni zamanda müvafiq qrupların koordinatorları müəyyənləşdirir ki, Azərbaycandan kimlər Milli Platformaya seçilir".
Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
O qeyd edib ki, bu seçim mexanizmi biz azərbaycanlılara çox tanışdır:
"Çünki vaxtilə Azərbaycanda seçkilərlə bağlı məsələ Moskvadan müəyyənləşdirilirdi. Moskvada müəyyən edirdilər ki, kimlər seçiləcək. İndi isə belə alınıb ki, Milli Platformaya kimlərin seçiləcəyini Brüsseldən müəyyən edirlər. Deyim ki, çox ədalətsiz bir metoddur. Hər zaman istər yerli koordinator, istərsə də rəhbər komitədən bizə deyirdilər ki, bunu Brüssel edir, onlar seçir, biz heç nə edə bilmərik. Mən bununla bağlı dəfələrlə yazmışdım. Platformanın elektron poçtuna bunun ədalətsiz seçki olduğunu yazmışdım. Bu, əslində seçki deyil, təyinetmə idi. Vətəndaş cəmiyyətinə də imkan vermir ki, bacarığı, qabiliyyəti olan şəxsləri foruma seçilməyə imkan vermir. Təsadüfi deyil ki, forum bu illər ərzində elə böyük nailiyyətlər də əldə etməyib. Məhz bu baxımdan da Azay Quliyev tərəfindən tutulan irad tam doğrudur".
Əliməmməd Nuriyev qeyd edib ki, ümumiyyətlə, platformanın reqlamentinin dəyişilməsi prosesi baş verib:
"Yəni Brüssel tərəfindən yeni reqlament qəbul edilib. Yeni reqlamentə görə milli platformaların səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulub. Eyni zamanda deyilənə görə, onlar üzərində nəzarət funksiyasını yerinə yetirən bir arbitraj qurumu yaradılıb. Ancaq hələ bununla bağlı təfsilatlı məlumat yoxdur. Ümumiyyətlə, Brüsseldə nə baş verdiyi, məsələlərin mahiyyətinin nədən ibarət olduğu, hansı kriteriyalarla müəyyənləşdirildiyi, yerlərdə milli platformalar səviyyəsində müzakirə edilib-edilmədiyinə dair hər hansı məlumata malik deyilik. Bu barədə məlumat verilmir, yaxud çox xəsisliklə verilir. Ona görə də bu gün Azərbaycan vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığı Platformasında tam olaraq təmsil olunduğunu demək yanlışlıq olardı".
Ə.Nuriyev bildirib ki, hazırda Vətəndaş Cəmiyyəti Forumunda müəyyən dəyişikliklər baş verir:
"Ümid etmək istərdim ki, bunlar pozitiv dəyişikliklər olacaq. Real olaraq Azərbaycan vətəndaş cəmiyyətinin iradəsini ifadə edən bir forum olacaq".
Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İttifaqının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasına üzv seçimləriylə bağlı ədalətsiz qaydaya münasibət bildirib.
Deputat deyib ki, Avropa İttifaqının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Forumunun Milli Platforma üzv seçimləri üçün tələb olunan 3 səsin 2-ni Brüsselin müəyyən etməsi doğru deyil:
"Bu cür qeyri-demokratik və ədalətsiz seçim qaydası dəyişdirilməli, ölkələrə istədikləri namizədi platformaya seçmək imkanı verilməlidir".