“Təzyiqlər sərtləşdiriləcək” Siyasət

“Təzyiqlər sərtləşdiriləcək”

Gələn həftə Ermənistan parlamentində baş nazir seçkiləri keçiriləcək. Hazırkı ölkə rəhbəri Nikol Paşinyanın qələbə qazanacağına şübhə yoxdur.
Politoloq Ramiyə Məmmədova belə deyib.
Politoloq Ermənistan rəhbərinin ciddi problemlərlə üz-üzə qaldığını bildirib:
"Bu, il Paşinyan üçün ağır olacaq, çətin bir dönəm başlayır. Onun qarşısında həlli çətin məsələlər dayanıb. O, ilk növbədə xalqa vəd verdiyi rifahı ölkəyə gətirməlidir. İkinci məsələ Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Əlbəttə, Ermənistanın rifahı, yaxud sosial-iqtisadi problemlərin həlli birbaşa Qarabağ münaqişəsinin həllinə bağlıdır. Digər tərəfdən, Paşinyan xarici siyasət kursunu müəyyən etmək kimi çətin bir məsələ ilə üz-üzədir. Hər üç məsələ bir-birinə bağlıdır.
Ermənistanın arzuladığı rifaha çatmasının yolu qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasından keçir. Bu baxımdan Paşinyan ilk növbədə Qarabağ tənliyini həll etməlidir. Bu vəziyyətdə isə xarici siyasət kursunu müəyyən etmək çətindir. Çünki həm Qərblə, həm də Rusiya ilə eyni oyunu oynamaq Paşinyan üçün çətindir".
Ramiyə Məmmədova vurğulayıb ki, Nikol Paşinyan özündən əvvəlki hakimiyyət qədər Rusiyadan dəstək ala bilmir:
"Küncə sıxışdırılmış Paşinyan meydanda tək qalıb. Bunu KTMT-nin son iclasından da gördük. Rusiya həmin iclasda Ermənistana dəstək vermədi. Qazın qiyməti məsələsində tərəflərin razılaşa bilməməsi də münasibətlərin gərgin olmasından xəbər verirdi.
Əvvəlki hakimiyyətin dönəmində Rusiya öz ərazisi kimi qəbul etdiyi Ermənistana çox ucuz qiymətə qaz satırdı.
Lakin Paşinyanın xarici siyasəti müəyyən etməməsinə və səsləndirdiyi bəyanatlara görə Rusiya Ermənistana satdığı qazın qiymətlərini artırmaq haqda düşündüyünü çatdırıb. Bununla Paşinyana kimdən asılı olduğunu göstərdi. Deməli, Paşinyan Moskva ilə razılığa gəlməsə, bu, Ermənistana yaxşı heç nə vəd etməyəcək.
Rusiya da onu yola gətirmək üçün müxtəlif istiqamətlərdə təzyiqləri sərtləşdirə bilər. Yəni, Ermənistanı əlinin altında saxlamaq üçün bütün yollardan istifadə edəcək".