“Struktur islahatları idarəetməni daha çevik edəcək” Siyasət

“Struktur islahatları idarəetməni daha çevik edəcək”

"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı" ölkə imici qazandırmaqla yanaşı, həmçinin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib".
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət başçısı tərəfindən aparılan struktur islahatlarını şərh edərkən bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Dövlətimizin başçısının apardığı struktur islahatlar iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq, məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir".
V.Qasımlı qeyd edib ki, struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir: "Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir".
Vüsal Qasımlı əlavə edib ki, struktur islahatları, xüsusilə, "Azərsilah" ASC və Aqrar Xidmətlər Agentliyinin yaradılması ölkədə aparılan şaxələndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.
"Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Əslində dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.
Prezident tərəfindən aparılan struktur islahatları çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. "Bir pəncərə" və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xətdir.
Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar zamanı sosial tarazlıq daim qorunub. Bu dəfə də struktur islahatlarına dair sənədlərdə iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Dövlətimizin başçısı müvafiq qurumlara və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə bununla bağlı xüsusi tapşırıqlar verib.
Struktur islahatları yaxşı idarəetmə və açıq hökumət prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb", - deyə Vüsal Qasımlı vurğulayıb.
Vüsal Qasımlı qeyd edib ki, dövlət başçısı biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını təmin edir: "Bu struktur islahatları nəticə etibarilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlb olunması və yeni iş yerlərinin yaradılması deməkdir".
İqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının bildirdiyi kimi idarəetmə sistemində yeni islahatlar mərhələsi başlanıb. Bu isə dərinləşmiş iqtisadi islahatlar fonunda Azərbaycanın 2019-cu ilə yeni struktur islahatları ilə başlamasından xəbər verir.
Azərbaycanda həyata keçirilən islahatların strukturun təkmilləşdirilməsi və qərarların qəbulunun çevikliyini də özündə ehtiva etdiyini deyən Vüqar Bayramov diqqətə çatdırıb ki, ölkə başçısının mövcud strukturu təkmilləşdirərək yeni dövrün çağırılarına uyğunlaşdırması nəticəsində idarəetmə sistemində çeviklik artırılır: "Təbii ki, bu konteksdə dövlət idarəçiliyinin dəyişdirilməsi struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsi üzrə şəraitin yaradılmasına imkan verir. Fərmanın ən böyük üstünlüyü müasir standartlara uyğun idarəetmə strukturlarının yaradılması ilə bağlıdır. Aydındır ki, dərinləşmiş islahatlar yeni struktur islahatlarını daha aktuallaşdırır. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanan son Fərman da məhz iqtisadi islahatların səmərəliliyinin daha da artırılması üçün baza formalaşdırmaqdadır. 2019-cu ildə həm dövlət başçısnın tapşırıq və tövsiyələrinə, həm da Strateji Yol xəritələrinə uyğun olaraq islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur. Deməli, dərinləşmiş islahatlar bu il qeyri-neft sektorunun artım tempinə də öz müsbət təsirini göstərəcək. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması kimi hədəflərə daha tez nail olmasına şərait yaradacaq. Nəticə etibarilə, son illər idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılması və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunması xüsusilə qeyd olunmalıdır".
Ekspert deyib ki, bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbulu prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq: "Müasir çağrışlar bir daha təsdiq edir ki, idarəetmədə prosedurlarının sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan da, yeni struktur islahatları biznes mühitinin daha da yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərəcək. Bu kontekstdən, son islahat Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir".
Vüqar Bayramovun sözlərinə görə, bütün bu islahatlar dövlət büdcəsində vəsaitlərə qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. Fiskal konsolidasiya fonunda idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərinin səmərəliliyinin artırılmasına imkan yaradır. Bu, optimal xərclər, həmçinin daha səmərəli maliyyə mexanizminin formalaşdırılması baxımdan da vacibdir.
"Prezidentin bu Fərmanı bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir. Məqsəd mövcud postneft dövrünün prioritetlərinə uyğun iqtisadiyyatın şaxələndirilməsinə hədəfləmiş islahatların struktur islahatları ilə dəstəklənməsinə nail olmaqdır. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, tez bir zamanda səmərəli reaksiya verməsini təmin edir. Bütövlükdə bu, yalnız iqtisadi inkişaf deyil, həm də bütövlükdə cəmiyyətin inkişafı və ölkənin daha müasir, çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir", - deyə ekspert bildirib.