“Baş verənlər dünyada ikili standartlar deyilən bir faktın olduğunu göstərir” Siyasət

“Baş verənlər dünyada ikili standartlar deyilən bir faktın olduğunu göstərir”

Aydın Mirzəzadə: "Azərbaycan vaxtaşırı təzyiqlərə məruz qalır"

"Təqribən eyni zamanda və eyni regionda iki hadisə baş versə də, buna münasibət fərqli olur. Vətəndaşın hüquqlarını qoruyan ölkəyə qarşı siyasi səlib yürüşü təşkil edilir, digər ölkədə baş verənlərə isə adi hadisə kimi yanaşılır. Nədənsə Avropa Parlamenti xüsusi iclas keçirmir, avroparlamentarilər Ermənistanı siyasi qətllərdə günahlandırmır, AŞPA bununla bağlı qətnamə qəbul etməyə tələsmir, Fransanın xarici işlər naziri bununla bağlı narahatçılığını ifadə etmir". Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Avropa Parlamentinin İrəvanda Nubaraşen təcridxanasında saxlanılan sayt rəhbəri və partiya sədrinin ölməsinə göz yummasına münasibətini bildirərkən deyib. Millət vəkili bildirib ki, baş verənlər dünyada ikili standartlar deyilən bir faktın olduğunu göstərir. Bu gün "forpost" olmaq istəməyən, müstəqil daxili, xarici siyasət yeridən ölkə, konkret olaraq Azərbaycanın vaxtaşırı təzyiqlərə məruz qaldığını deyə A.Mirzəzadə söyləyib ki, bütün bunlar demokratiya, insan hüquqları adlanan anlayışı xaricdə bəzi dairələr tərəfindən ancaq özlərinin siyasi maraqlarına uyğun şəkildə istifadə etdiklərini göstərir: "Bundan sonra da bu cür ikili yanaşmanın yəqin ki dəfələrlə şahidi olacağıq". Milli Məclisin Avropa Parlamentinə ikili yanaşma ilə etiraz etməsi məsələsinə gəldikdə deputat bununla bağlı etiraz məktubunun göndərilməsinin lazımlı olmadığını dilə gətirib: "Şübhəsiz ki, gələcəkdə Avropa Parlamenti və ya ölkəmizdə süni sürətdə siyasi problem yaratmaq istəyən qüvvələrlə təmasda bunun dəfələrlə qabardacağıq. Onların ikili siyasət yeritdiyini heç də biz arqument kimi kənarda saxlamaq niyyətində deyilik".