Millət vəkilləri Prezidentin Fərmanını alqışlayır Siyasət

Millət vəkilləri Prezidentin Fərmanını alqışlayır

Kamran Bayramov : "Yeni hədəflərin icrası Azərbaycanı inkişaf edən ölkələrin sırasına çıxaracaq"

Aydın Hüseynov: "Bu gün Azərbaycan vətəndaşları əldə olunan nailiyyətlərə sevinir və onlardan bəhrələnirlər"

Yanvarın 29-da Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Fərman ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb.
Azərbaycan Milli Məclisin deputatları bu dəfə "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyətindən danışıblar.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov belə bir Fərmanın imzalanmasını yüksək qiymətləndirib. Deputat bildirib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard manat investisiya yatırılıb:
"Bütün bunlar isə hər bir azərbaycanlının rifahının yaxşılaşmasına xərclənib. Bildiyimiz kimi, ölkə başçısı tərəfindən imzalanmış bu proqram sayca dördüncüdür. Bu da onu göstərir ki, regionların sosial-iqtisadi inkişafı sahəsində imzalanmış əvvəlki proqramlar uğurla həyata keçirilib. Bundan sonra növbəti proqramın icrası davam etdiriləcək. Artıq hədəflər müəyyən olunub. Düşünürəm ki, yeni hədəflərin icrası Azərbaycanı inkişaf edən ölkələrin sırasına çıxaracaq. Yəni dördüncü proqram çərçivəsində 17 milyard manat investisiyanın qoyuluşu nəzərdə tutulub".
K.Bayramov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı sahəsində imzalanmış proqramlarla regionlarımız inkişaf edir:
"Bu gün regionlarımız inkişafına görə paytaxtdan və böyük şəhərlərdən heç də geri qalmır. Eyni zamanda, artıq kəndlərdən şəhərə miqrasiya azalıb. Təbii ki, bu da dövlət proqramlarının nəticəsində əldə edilib. Bildiyimiz kimi, dövlət proqramlarının icrası çərçivəsində ölkə başçısı bütün regionlarda açılışlarda iştirak edib. Bir çox səhiyyə, təhsil, böyük sənaye müəssisələrinin, kənd təsərrüfatı obyektlərinin və digər sosialyönümlü obyektlərin açılışı olub. Bu da bölgələrdə yeni iş yerlərinin açılmasına və işsizliyin azalmasına xidmət edən addımlardır. Hesab edirəm ki, regionların sosial-iqtisadi inkişafı sahəsində imzalanmış sayca 4-cü proqram da uğurla icra ediləcək və böyük nailiyyətlər əldə olunacaq".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, bu günə qədər regionların sosial-iqtisadi inkişafı sahəsində imzalanmış 3 dövlət proqramı yüksək səviyyədə öz həllini tapıb:
"Qəbul edilən və yüksək səviyyədə icra edilən dövlət proqramlarının müəllifi isə Prezident İlham Əliyevdir. Ölkə başçısı hələ 2003-cü ildə prezident seçilərkən öz çıxışlarında qeyd edirdi ki, regionların sosial-iqtisadi inkişafının həllinə nail olunacaq. Doğrudan da bu gün biz görürük ki, bu 3 proqramın həlli yüksək səviyyədə icra edilib. Dövlət proqramında əsas məqsəd regionlarla mərkəz arasındakı fərqlərin aradan qaldırılmasıdır. Bu gün biz şahidi oluruq ki, regionlarla mərkəz arasındakı fərqlər aradan götürülüb. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard manat investisiya yatırılıb. Yəni bunu inkişafa iqtisadi göstəricilərlə nəzər yetirsək daha aydın görə bilərik. Belə ki, bu illər ərzində ümumi daxili məhsul (ÜDM) 3.3 artıb, ölkəmizin valyuta ehtiyatları 24 dəfə artaraq 45 milyard dollara çatıb. Sənayedə 2.6 dəfə, kənd təsərrüfatında 4.7 dəfə artım olub. Bu gün 2 milyon yeni iş yeri yaradılıb, maaş və pensiyalar 7-9 dəfə artıb. Eləcə də 3200-dən çox məktəb, 694 tibb mərkəzi tikilib. Bu istiqamətdə görülən işlərin miqyası çox genişdir. Bütün bu nailiyyətlər isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin mükəmməlliyinin göstəricisidir".
Deputat Azərbaycanın meqalayihələrə imza atdığını da qeyd edib:
"Bakı-Tibilisi-Qars, Bakı-Tibilisi-Ceyhan və bu günlərdə reallaşmaq üzrə olan Cənub Qaz Dəhlizi və onun davamı olan TANAP, TAP layihələrə həyata keçirilir. Bu gün biz görürük ki, Azərbaycan son 15 il ərzində çox böyük inkişaf mərhələsi keçib. Bu inkişafın ən ümdə göstəricisi isə Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tam dəstəklənməsidir. Bu gün Azərbaycan vətəndaşları əldə olunan nailiyyətlərə sevinir və onlardan bəhrələnirlər. Prezident İlham Əliyevin apardığı siyasətin ana xəttini də hər zaman Azərbaycan vətəndaşları və onların maraqları, insanların sosial rifah halının yaxşılaşdırılması təşkil edir".
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Eldəniz Səlimov isə deyib ki, "Azərbaycan Respublikasının regionların 2014-2018 cı illərdə sosiyal iqtisadi inkişafı dövlət proqramı"nın icrası ilə əlaqədar konfransda qeyd olunduğu kimi, regionlarda xeyli işlər görülüb:
"Ölkə rəhbərinin iqtisadiyyatın bütün sahələrinə gösterdiyi diqqət və qayğının nəticəsində sahibkarlığın inkişafı üçün geniş meydan açılıb. Kənd təsərüfatının inkişafına xüsusi diqqət ayrılıb ki, bu sahə torpaq vergisindən başqa digər vergilərdən azad olunub. Regionların xüsusiyyətlərinə uyğun olaraq kənd təsərüfatının müxtəlif sahələri inkişaf etdirilir. Xaçmazda taxılçılıq, tərəvəzçilik, bağçılıq, heyvandarlıq üçün əlverişli şərait olduğundan bu sahələrin inkişafı naminə dövlətimiz tərəfindən sahibkarlar üçün tam münbit şərait yaradılıb. İstehsal olunan məhsulların saxlanılması üçün böyük miqyaslı soyuducu anbarları tikilib istismara verilib. Regionumzda Aqro-Park yaradılıb və böyük nəticələr əldə edilib. İstehsal olunmuş məhsulların bir hissəsi ixrac edilir. Qısa müddətdə zay ola bilən məhsulların ixracı "Yaşıl dəhliz" mexanizimi ilə həyata keçirilir. Ölkəmizin hər yerində olduğu kimi, insanların qazancı ildən-ilə artmağa davam edir. Gəlir artdıqca, insanlar digər istehsal sahələrinə maraq göstərirlər. 2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində 32 faiz artım olub".
Deputat qeyd edib ki, 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb:
"Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb".