“Dağlıq Qarabağ münaqişəsinin həllində dünya gücləri maraq göstərirlər” Siyasət

“Dağlıq Qarabağ münaqişəsinin həllində dünya gücləri maraq göstərirlər”

Amerika Birləşmiş Ştatları prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin müzakirə edilməsi maraqlı məqamdır. Ekspertlər Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha aktiv fəaliyyət göstərməsində maraqlı olması və təşəbbüsü ələ alıb-almayacağı ilə bağlı məsələni şərh ediblər.
Millət vəkili Rasim Musabəyov bildirib ki, hazırda Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında çox yaxşı münasibətlər var: "Əlaqələrimizin bu cür qalması, daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlar var. Bu əlaqələrinin nə dərəcədə portnyorluğa çevriləcəyi ilə bağlı öncədən hər hansı bir fikir səsləndirmək çətindir. ABŞ Dövlət Departamenti regionun bir sıra ölkələri ilə problemlər yaşayır. Əli çox yerə çatmır. Bölgə Rusiya və İran arasındadır. Ona görə də Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərin normal saxlanılmasında və inkişaf etdirilməsində maraqlıdır".
Məlumat üçün qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İlham Əliyevlə telefonda danışdığı saatlarda Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin İrəvanda idi. O, Ermənistanın xarici işlər naziri ilə görüş keçirirdi.
Politoloq İlqar Vəlizadə isə diqqətə çatdırıb ki, "Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində ABŞ-ın təşəbbüsü ələ alması barədə danışmaq çox tezdir: "Amma bütün hallarda ABŞ-ın ATƏT-in Minsk qrupunda mövcudluğu imkan verir ki, bu münaqişə aparıcı dünya ölkələri tərəfindən diqqət mərkəzində qalsın və bununla da geosiyasi balans təmin olunsun". O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya gücləri maraq göstərirlər: "Lakin onların yanaşmaları fərqlidir. Həmin geosiyasi balans imkan verir ki, yanaşmalar bu və ya digər şəkildə tənzimlənsin, hər hansı bir gücün bura dominantlığı təmin olunmasın, yəni istisna olsun. Bu əslində bizim xarici strategiyamıza da uyğundur. Çünki Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir. Münaqişədə güclərin nisbəti bizə imkan yaradır ki, xarici siyasi kursumuzun, hətta belə mürəkkəb məsələdə prioritetlərini düzək və davam edək".

Əli