“Heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz” Siyasət

“Heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz”

Siyavuş Novruzov: "Xaricdə ermənidən pul alanların da məqsədləri daxildə qarşıdurma yaratmaq istəyənlərlə eynidir"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu və ya mövcud qanuna dəyişiklilər haqqında təkliflə çıxış edib. Siyavuş Novruzov bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da siyasi partiyaların maliyyə mənbəyi ilə bağlı qərar qəbul olunmalıdır. "Bir qrup partiya Mərkəzi Seçki Komissiyasına hesabat vermir bu prosesdən yayınırlar. Onlar bununla maliyyə dövrəyiyyəsinin olmadığını bildirirlər. Lakin əksəriyyəti yanlarında cangüdən, köməkçi gəzdirirlər. Bu azmış kimi qara pullar hesabına Azərbaycanda mitinq, yürüş, qarşıdurma yaratmağa cəhd edirlər. Maliyyə mənbəyinin qarşısı bağlanmasa, onlar əməllərindən əl çəkməyəcəklər. Çünki pul verənlər tapşırıqlarını həmin şəxslər vasitəsilə həyata keçirirlər". Deputat söyləyib ki, Azərbaycanda asayişi pozmağa cəhd göstərənlər üçün xalq, vətən anlayışı yoxdur: "Onlar üçün yalnız maddiyat anlayışı var. Xaricdə oturub, ermənidən pul alanların da məqsədləri daxildə qarşıdurma yaratmaq istəyənlərlə eynidir. Hesab edirəm ki, hər birimiz onlara qarşı mübarizə aparmalıyıq. Bəzən həmin şəxslər Milli Məclis haqqında mənfi fikirlər deyirlər. Amma nədənsə deputatlarımız yaxasını kənara çəkirlər. Hər kəs bilməlidir ki, deyilən sözlər bütün deputatlara şamil olunur. Əgər onlar birini deyirsə, biz onlara qarşı 20 dəfə daha artığını deməliyik".
Siyavuş Novruzov qeyd edib ki, xaricdən Azərbaycana qarşı yönəldilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər: "Onlar yalnız söyüş söyməyi bacarırlar. Əgər belədirsə, biz də onlara cavab verməliyik. Hətta söyüşü də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edir. Təbii ki, bu, onların özlərinin deyil, xaricdəki qüvvələrin məhsuldur. Onlar anlamır ki, biz illərdir ki, siyasətlə məşğuluq və onların taktikasını, mexanizmini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Azərbaycan çox uğurla inkişaf edir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə, bizim sevməyən qüvvələrin halı daha da pisləşir. Mən inanmıram ki, dövlət nümayəndəsi və strukturlarından həmin şəxslərə hər hansı informasiya ötürülür. Bu cür informasiyalar yaymaqla onlar qarşıdurma yaratmağa çalışırlar. Lakin heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz".