“Ukrayna Aİ-yə heç vaxt üzv olmayacaq” Gündəm

“Ukrayna Aİ-yə heç vaxt üzv olmayacaq”

Avropa İttifaqı Şurasının sədri Antonio Koşta qeyd edib ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar başlayıb.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev Koştanın absurd və qeyri-adi fikir səsləndirdiyini deyib: “Bundan əlavə Macarıstanın yeni seçilmiş baş naziri Peter Madyar da qeyd edib ki, Ukraynanın Aİ-yə üzvlüyü məsələsi illər çəkə bilər. Mən hesab edirəm ki, Ukrayna Aİ-yə heç vaxt üzv olmayacaq. Aİ sadəcə olaraq Ukraynanı Rusiyaya qarşı bir plasdarm kimi istifadə edir. Ukraynaya tam dəstək, silah verilmir. Müharibə başlayandan biz bunun şahidi olmuşuq”.

Deputat qeyd edib ki, sadəcə olaraq guya Ukraynanın Aİ-yə üzv olması ilə bağlı fikirlər səsləndirilir ki, ukraynalılara siyasi, mənəvi, diplomatik dəstək kimi başa düşülsün və Ukraynaya bir növ Rusiya ilə müharibəni davam etdirməyə stimul olsun: “Ancaq mən yenə də vurğulamaq istəyirəm ki, bu sadəcə olaraq populist bəyanatdır. Aİ-yə üzv olmaq üçün daha hazır olan ölkələr var ki, heç onları qəbul etmirlər. Məsələn, Balkanlarda Bosniya, Herseqovina, eləcə də Makedoniya. Həmçinin bunu Ukraynadan çox haqq edən Türkiyə var. Türkiyə 30-40 ildir Aİ-yə üzvlük üçün müraciət edir, amma ona həmişə müxtəlif bəhanələr səsləndirirlər. Müharibə nəticəsində darmadağın olmuş, torpaqları işğal edilmiş Ukraynanı ümumiyyətlə Aİ-yə üzv seçməzlər. Sadəcə bu, bir bəhanə, guya dəstək bəyanatı kimi nəzərdən keçirilir”.

Röya İsrafilova