“Makron, siyasi yalandan əl çək, Xocalıya bax” Siyasət

“Makron, siyasi yalandan əl çək, Xocalıya bax”

"Fransa Prezidenti Emmanuel Makron tarixçi deyil. Cənab Makron, siyasi yalandan əl çək, Xocalıya bax. Fransa prezidentinin 1915-ci il hadisələrinin aprelin 24-də anma günü elan edəcəyinə dair bəyanatını iş fəaliyyətinin böyük hissəsində ASALA terrorçularının təhdidləri ilə üzləşən diplomat kimi şiddətlə qınayıram. Tarixçilər tarixlə, siyasətçilər isə siyasətlə məşğul olmalıdır".
Bu sözləri Türkiyənin Azərbaycan və Moldovada fövqəladə və səlahiyyətli səfiri olmuş, məşhur diplomat Hulusi Kılıç deyib.
Diplomat hesab edir ki, 1915-ci il hadisələri hüquqi, tarixi və akademik aspektləri ilə qanuni müzakirə mövzusudur: "Bu, siyasətçilərin deyil, tarixçilərin müzakirə edəcəyi məsələdir. 1915-ci ildə heç Makronun babası dünyaya gəlməmişdi. Makronun əvvəlcə Osmanlı tarixini yaxşı öyrənməsini gözləyirik".
Hulusi Kılıç qeyd edib ki, Makronun sözləri Fransada yaşayan 700 mindən çox Türkiyə vətəndaşı və türk kökənli Fransa vətəndaşları, başda Azərbaycan olmaqla qardaş türk cümhuriyyətləri vətəndaşlarına hörmətsizlikdir: "Bu cür təhlükəli və bölücü addım Fransada narahatlıq və ayrı-seçkilik yaradacaq, xalqları düşmənə çevirəcək. İstiqlal Müharibəsi dövründə ermənilərdən də istifadə edərək Anadoluda törədilən qırğınlar, yaxın keçmişdə Əlcəzairdəki qətliamlar və Ruanda soyqırımı yaddaşlardadır. Bundan başqa 45 ildə bəziləri Fransada olmaqla 42 məsum türk diplomatının erməni terrorçuları tərəfindən amansızlıqla qətli və 27 il öncə erməni şəbəkələrinin Xocalıdakı qətliamı qarşısında susanların tarixin külünü qarışdıraraq başqalarını günahlandırmağa cəhd göstərməsini insan zəkasına təhqir kimi dəyərləndirirəm. Emmanuel Makronun atacağı bu təhlükəli və yanlış addımdan geri çəkiləcəyini gözləyirik".
Politoloq Nəzakət Məmmədova deyib ki, Fransa Prezidenti Emmanuel Makronun vəziyyəti ağırdır. 24 aprel tarixini "Erməni soyqırımını anma günü" elan etməsi "sarı jiletli"lərlə mübarizədə öz hakimiyyətini qorumaq üçün gedişdir.
Onun sözlərinə görə, neçə illərdir hakimiyyətdə olan Emmanuel Makron məhz indi belə addım atmaqla ABŞ-ın Ermənistanda təsirini azaltmaq istəyir: "Birləşmiş Ştatlar uydurma soyqırımı tanımadığı halda Fransa aprelin 24-nü saxta genosidin anım günü kimi qeyd edir. Makron Fransadakı 250 min erməni lobbisi və diaspora üzvünün rəğbətini qazanmaq istəyir".
Politoloq qeyd edib ki, son dövrlərdə Fransa ilə ABŞ arasında kəskin qarşıdurma mövcuddur: "Fransa ABŞ-ın nüfuz dairəsinə daxil olan bir çox bölgələrə, o cümlədən Cənubi Qafqaza, xüsusilə Ermənistana iddia edir.
Fransa ABŞ-ın hakimiyyətə gətirdiyi Nikol Paşinyanla yaxınlaşmağa səy göstərdi və buna da müəyyən qədər nail oldu. Makron İrəvandakı Frankofoniya mərasiminə qatıldı və Paşinyanla görüşdü, onu I Dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisdəki tədbirə dəvət etdi.
Serj Sərkisyanın devrilib, Paşinyanın hakimiyyətə gətirilməsində Fransadakı erməni lobbisinin rolu da xüsusi vurğulanmalıdır. Bu baxımdan Fransa Cənubi Qafqazda öz mövqeyini möhkəmlətməyə çalışır, ABŞ-ın nüfuz dairəsinə daxil olan ərazilərə iddia edir.
ABŞ-ın məqsədi Ermənistanda nəzarətdə saxlamaqla İrana qarşı təzyiqdir. Fransa isə Avropa Birliyinin üzvü olaraq İranı dəstəkləyir. Belə bir vaxtda fransızlar Ermənistanı əldən vermək istəmirlər. Çünki Ermənistanın ABŞ tərəfindən İrana qarşı ərazi kimi istifadəsinə qarşıdırlar. Bu baxımdan da Ermənistan Fransa üçün vacibdir. Bir daha vurğulayıram ki, Makron Fransadakı erməni lobbisinin dəstəyini almaq məqsədi güdür".